» » Aysel həyatının başqa mərhələsindədir


“İşlərimin qarşılığını maddi olaraq 10 ballıq sistemlə götürsək, 10 deyil. Amma keyfiyyətli musiqiyə qulaq asanlar çoxalır. Ona görə də qonorarımdan razıyam”.

Bu sözləri Axşam.az-a açıqlamasında “Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova (AISEL) deyib.

Hazırda iki festivalda çıxışa hazırlaşan sənətçi yeni mahnılarının kommersiya xarakterli olduğunu söyləyib:

“İndi rus dilində oxuyacağım mahnılar o qədər də, alternativ və eksperimental musiqi deyil ki, heç kim başa düşməsin”.

İfaçı festivallara hazırlıq prosesindən də söz açıb:

“Bütün günü həm “Jara”ya, həm də “Yeni dalğa”ya hazırlaşırıq. Çox yorulmuşuq. İki tədbir bir-birinə qarışıb. Artıq rəqs etməyə başlamışam. Hər gün rəqs edirəm. “Yeni dalğa”da üç, “Jara”da bir mahnı oxuyacam. “Jara”da oxuduğum mahnının musiqisi mənə aiddir”.



AISEL sənəti ilə bağlı radikal dəyişiklik edib:

“Bundan sonra ancaq öz mahnılarımı ifa edəcəm. Həmişə buna çalışmışam. Başqalarından oxuduqlarım sadəcə “cover”lar idi. Onları da sonlandırmışam. Düşünürəm ki, həyatımın başqa mərhələsindəyəm. “Cover” oxumaq lazım deyil. “Eurovision” istisna olmaqla, indiyədək özüm musiqi yazmışam, ifa etmişəm. Yaza bilirəmsə, başqasının mahnısını niyə oxuyum? Bunun mənası yoxdur. Çünki əlimlə və ürəyimlə toxunduğum mahnılarda özümü daha yaxşı hiss edirəm”.

Müğənni klip çəkdirmək istəyi barədə də danışıb:

“Klip çəkdirmək istəsəm də, buna vaxtım yoxdur. Bəlkə yayın sonunda çəkdirərəm”.

Pərviz HÜSEYN