закрыть
Test

Test2

12 yaşında təcavüzə uğrayan Aytacın -  Dəhşətli həyatı

Sosial 01-avq, 17:02 69
İstanbulda yaşayan jurnalist həmkarım Elçin məni arayaraq dedi ki, burada bir Azərbaycan vətəndaşı var, dardadır. Ona yardım etmək lazımdır, bəlkə sən yazasan bu barədə. Razılaşdım, əgər yazmaqla bir vətəndaşımıza yardım edə biləriksə, hər zaman hazırıq. 

Türkiyədə sənədsiz yaşayan yüzlərlə vətəndaşımızdan biri haqda yazacaqdım. Amma duyduqlarımı yazmaq üçün iki gün düşündüm. Yazacaqlarım ağır gəldi...
Aytac Abdulayeva 1992-ci ildə  Bakının Yasamal rayonunda anadan olub. Atası rus, anası ləzgidir. Aytac atasını heç tanımayıb. Bakıda sosial problemlərlə üzləşən Aytacın anası qızını da götürüb İstanbula gəlib. Ana əvvəlcə evlərdə işləməyə başlayıb. Aytacın başına da bütün işlər o zaman gəlib. Deyir ki, 12 yaşında Türkiyə vətəndaşı Mustafa Aksoy tərəfindən təcavüzə uğrayıb:

"Anam işləməyə başladı. Məni onun işlədiyi yerə qoymurdular. Sonra anam məni də başqa birinin evinə işçi olaraq verdi. Mən həm orda qalırdım, həm də işləyib az da olsa, məvacib alırdım. Anam da məni tez-tez görməyə gəlirdi. Mən evində çalışdığım adamın qohumu tərəfindən təcavüzə məruz qaldım. Bu təcavüzdən hamilə qaldım, övladım oldu. Məni o adamla evləndirdilər. 13 yaşında ana olmuşdum. Anam məni Bakıya apara bilməyəcəyini söylədi. Orda qardaşım vardı, ailəliydi. Anam dedi ki, qardaşının başını aşağı eləyəcəyik, Bakıya getmə. Məni məcburən o adamla evləndirdilər".
 
Aytac 13 yaşında rəsmi nikahı olmadan Mustafa Aksoy ilə yaşamağa başlayıb. Bundan sonra daha 4 uşağı dünyaya gəlib. 5 uşaqlı gənc ana Aytac həyatıyla barışıb və sonra övladlarının atasıyla rəsmi nikaha daxil olub.  Amma qara günləri də bundan sonra başlayıb. Hər gün şiddət görüb. 
"Mən uşaqkən uşaq böyütməyə başladım. Hər gün döyüldüm. 16 yaşımdan sonra anamın məcburiyyəti ilə rəsmi nikaha da girmişəm. Mən sonrakı uşaqları istəmirdim. Hər dəfə məni döyə-döyə hamilə qoyub. Deyirdi "sənin işin nədir? Qadınsan, uşaq dünyaya gətir və onlara bax!”. Yaşım az idi, heç kimi tanımırdım. Hara gedim, kimə sığınım, bilmirdim. Təhsilim yox idi, Türkiyədə tanıdığım azərbaycanlılar da yox idi. Azyaşlı olduğum üçün də icazə olmadan heç nə edə bilmiridm.  Dəfələrlə çölə atıldım. 4 il sonra isə anam rəhmətə getdi. Bundan sonra hər şey daha pis oldu. Anam olanda, ən azından maddi cəhətdən dəstək verirdi. Ac qalmırdım. Şiddət o həddə çatdı ki, qadın sığınma evinə getdim. Sonra eşitdim ki, qardaşımın keçmiş həyat yoldaşını evinə gətirib və o da uşaqlarımın atasından hamilədir. Bunu eşidib geri qayıtdım, məqsədim  uşaqlarımı almaq idi. Məni döyərək evdən qovdu. Artıq 1 ildir ki, küçələrdə qalıram. Hər gün bir yerdə gecələyirəm. Elə ağır günlər keçirirəm ki, nə edəcəyimi artıq bilmirəm. Bir ildir də övladlarımı görə bilmirəm. Rəsmi nikahım olsa da, məni evə qoymur, çünki evdə qardaşımın keçmiş həyat yoldaşı və ondan da bir uşağı var".


Aytac Abdullayeva düşdüyü vəziyyətlə bağlı rəsmi orqanlara da müraciət edə bilmir. Deyir ki, bir ildir pasportunun müddəti başa çatıb. Eyni zamanda, oturma üçün rəsmi icazə müddəti də bitib.  Pasport almağa maddi gücü yoxdu. Çünki bunun üçün Azərbaycanın Türkiyədəki konsulluğuna 55 ABŞ dolları ödəməlidir: 

"Mən günlərlə ac qalan insanam. Rəsmi işə də girə bilmirəm. Sənədim yoxdu ki, iş tapım. Günlük iş olanda çalışıram. Pasport alsam belə, mənim oturma icazəm üçün Mustafa Aksoyun rəsmi izni lazımdır. Bunun üçün onun da sənədlərindən istifadə olunmalıdır. Amma o, məni eşitmək belə istəmir. Vəkil tutmağa da maddi imkanım yoxdur. Əlim-qolum hər tərəfdən bağlanıb, artıq yolun sonundayam". 
İndi Aytac Abdullayevanın ümidi Azərbaycan dövlətinədir. Onu bu vəziyyətdən qurtarsınlar deyə, xahiş edir:

"Mən 12 yaşından əzab çəkən 27 yaşlı 5 uşaqlı anayam. Bütün mənə edilən zülmlərə dözdüm, ölməmək üçün mücadilə etdim. Övladlarım üçün yaşadım. İndi onların həyatından narahatam. Analarına təcavüz edən atayla qalmalarını istəmirəm. Sənədlərimin düzəlməsini, rəsmi olaraq boşanmamı və övladlarımı istəyirəm.  Artıq 12 yaşında deyiləm. Mən heç uşaq olmadan böyümüş anayam. Xahiş edirəm mənim səsimi duyun!".
Aytacın son olaraq bir çağırışı da var: "Atalar, analar övladlarınızı yalnız qoymayın. Onları təcavüzçülərin nikahına salmayın. Övladlarınıza sahib çıxın!".
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin kürəkəni  Aqil Səmədbəyli 27 yaşlı Aytac Aksoyu himayəsinə götürdüyünü açıqlamışdı.
Məhsəti Şərif/modern.az
Oxşar xəbərlər

SON XƏBƏRLƏR