» » Nardaranda 4 uşağın faciəsinin təfərrüatları:


Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatları məlum olub.

starxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, batan uşaqlar iki qardaşın övladları olub.

Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Bunlar 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızıdır. Onlardan 3-nün cəsədi sudan çıxarılsa da, hələ ki, Cəfərzadə Zeynəbin meyiti tapılmayıb.

Məlumata görə, Ramin adlı şəxs həyat yoldaşıyla birgə dənizə gedərkən öz və qardaşı uşaqlarını da aparıb. Həmin vaxt Ramin də suda boğulub. Lakin ətrafdakılar onu sudan çıxararaq ölümdən xilas ediblər. Bu zaman dənizin içində olan uşaqlar isə suda boğularaq ölüblər. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili qafqazinfo-ya bildirib ki, onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar. 

Aqşin Əlili xəbərdarlıq edib ki, vətəndaşlar "Çimmək qadağandır" lövhələri vurulmuş çimərlikdə dənizə girməsinlər, uşaqları dənizə nəzarətsiz buraxmasınlar.