» » İctimai Televiziya və Radio Yayımları Şirkətinin 14 yaşı tamam olur


Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.

starxeber.az-ın xəbərinə görə, şirkətin 14 yaşı tamam olur.



Şirkət "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

İctimai televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır. Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir və Avropa Yayım İttifaqının üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovdur. O, bu vəzifəyə 2018-ci il iyunun 1-də seçilib. B.Qasımovun rəhbərliyindən sona televiziyanın efirində rəngarənlik müşahidə olunub, İctimai Televiziya və radioya yeni, cəmiyyətin qəbul etdiyi pozitiv aparıcılar cəlb olunub.

Eyni zamanda, şirkətdə aparılan kadr islahatları da televiziyanın inkişaf etməsinə təkan verib. Belə ki, şirkətdə iş əmsalının yüksəldilməsinə xidmət etmək məqsədi ilə B.Qasımovun təqdimatına əsasən yeni vəzifələr üzrə kadr təyinatı aparılıb. Həmçinin maarifləndirici verilişlərin sayının artması İTV-nin auditoriyasının genişlənməsi üçün şərait yaradıb.

starxeber.az İnformasiya Portalının kollektivi İctimai Televiziya və İctimai Radioda çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!