» » “Hamı Zeynəbin üstünə düşdü, pərt oldum”


Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı Xalq artisti Zeynəb Xanlarovanın çıxışına etiraz etməsinə münasibət bildirib.

starxeber.az xəbər verir ki, F.Bədəlbəyli bu gün də Zeynəb Xanlarova ilə münasibətlərinin yaxşı olduğunu deyib.

“News24”ə müsahibə verən sənətkar qeyd edib ki, həmin hadisədən sonra insanların Zeynəb Xanlarovaya qarşı kəskin etirazı onu məyus edib:“Zeynəb mənim əziz bacımdır. O, çox emosional bir insandır. Hamı onun üstünə düşdü, mən çox pərt oldum. Ona deyilən təhqirli sözləri eşidəndə dedim, bu millət özünü niyə belə aparır?! Deyin ki, biz sizinlə razı deyilik, bu, belə olmamalıdır. Mən elə dedim. Zeynəbi illərdir tanıyıram, o, atamla bərabər “Leyli və Məcnun” üzərində işləyib. Mən Zeynəb kimi Leyli görməmişəm. Ona olan münasibətdən sonra düşündüm ki, cəmiyyətdə nə qədər nifrət var. Bu nifrət hardan gəlir, mən bilmirəm. Elə bil hamı bir adamın üstünə düşür və ləzzət alır. Zeynəb mənim üçün hər zaman əziz və doğma bir insandır”.

Xatırladaq ki, Prezident və birinci xanımla görüş zamanı məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” deməsinə belə reaksiya vermişdi:

“Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da (Xalq artisti Firəngiz Əlizadə), Anar da (Xalq yazıçısı Anar Rzayev) böyük ittifaqların sədrləridir.Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır”.