» » Təhqir, kobudluq, intiqam - Ayanın beş kişi üzərində qələbəsi


"Maşın" şounun 18-ci buraxılışında ötən gün xoşagəlməz hal yaşanıb. Beş kişinin bir qadını təkləməsi və onun ünvanına kobud ifadələr işlətməsi sosial şəbəkədə tənqid edilib. 

Ən çox fotosu atılan müğənni Fuad Musayev hədəf olaraq Ayan Babakişiyevanı seçib. Onun intiqam məqsədilə bu addımı atması sosial şəbəkədə iddia edilib.

Bəlli olub ki, Fuad Ayanın keçmiş həyat yoldaşı, idmançı Füzuli Musayevin qohumu və yaxın dostudur. Elə onun bu intiqam addımına görə bir çoxları Ayanın şəklini paylaşaraq, ona dəstək olub və Fuadı tənqid edib.

Fuad isə xal qazanmaq üçün tribunaya çıxanda, ilk olaraq heç oyuna aidiyyəti olmayan mövzunu açıb. Bir neçə gün əvvəl qonşusu olan Səbinə Atakişiyeva adlı xanım tərəfindən evi soyulan ifaçı bu haqda danışıb. "Bu yaxınlarda mediada xoşagəlməz piarla rastlaşdım. Evim qarət edildi. Evimə bir qız da girmişdi. Ola bilər yolunu azıb, bilmədən bunu edib. Onun anasının göz yaşlarını görəndə pis oldum. O qızı bu gün bağışlamaq istəyirəm. Ona yeni şans vermək istəyirəm, balaca övladı var. Onu tutmasınlar" deyərək, səs istəyib.

 
Evinin qarət edilməsi xəbərini "çirkin piar" hesab edən Fuad, həbs edilən xanım üzərindən özünü elə "qəşəng piar" etməyə çalışıb. Musayevin bu "mərhəmətli" addımı sonda ona kömək etməyib. Çünki ifaçının bir-birinə zidd hərəkətləri qəbul edilməyib. Xanımların birindən istifadə edərək yaxşı insan olmaq istəyən Fuad, digərindən intiqam almaq istəyini boğa bilməyib.  

"Çıxıb xanımı bağışladığını, anası var, övladı var deyir. Danışdığı ilə, etdiyi uyğun gəlmir. Bilirəm, Fuad məni niyə çıxarır" deyərək, Ayan şouda daha bir intiqamın yaşandığını vurğulayıb. 

Meyxanaçı Aqşin Fateh də xanım ifaçıya qarşı çıxaraq, onun ünvanına kobud ifadələr işlədib:

"Buradan getməyinizi istəyirəm. Sizi də, məni də xalq yaxşı tanıyır. Mən danışanda siz susun. Fuad bəy də sizi yaxşı tanıyır, siz də Fuadı. Şəxsi münasibətlərə görə etmir. Fuad bəy abırlı adamdı, abrından susur. Mən ciddi oğlanam, sizə göstərərəm".



Xalq artisti Bilal Əliyev isə Fuad üçün təkcə Azərbaycandan yox, xaricdən də səs istəyib.  

Faytonçu Nazim Pişiyari də Ayana qarşı çıxdığını söyləyib. "Fuada dəstəyəm, kişi kimi mübarizə aparır" deyən ifaçı hətta yarışmadakı xanım iştirakçıların Ayana dəstək olmadığını qınayıb.

Lalə Mustafayeva da Fuada səs istəyib, Ayana qarşı olduğunu söyləyib.  

Proqram boyunca Aqşinin "abırlı" adlandırdığı Fuadın Ayana qarşı kobudluğu bitməyib. O, daha sonra ifaçıya "Ayanın 10 maskası var. Onun göz yaşları da yalandır, inanmayın" deyərək, qeyri-etik ifadələr işlədib.

Şou boyunca kişi iştirakçıların əksəriyyəti Ayanın üstünə düşüb. Hətta bu qruplaşmaya reper Qurd da qoşulub və Ayanın əlehinə səs istəyib. 

"Elə bil xalq düşməninin üstünə hücum çəkiblər. Kimdə nə yoxdur, ondan danışır. Özünüz olun. Aqşin bəy, siz çirkinləşmisiniz" deyərək, Ayan bütün üstünə gələn iştirakçılara cavab verib.  

İdmançılardan, Karate Federasiyasından, "Qarabağ" futbol klubunun fanatlarından səs istəməyi Fuada heç bir kömək olmayıb. Ona sonda yalnız 16,92 faiz səs gəlib və oyundan özü getməli olub.

///axşam.az