» » Azaraq Ermənistana keçən azərbaycanlı Yerevanda əməliyyat edilib


Azaraq Ermənistan tərəfə keçən Azərbaycan vətəndaşı İbrahimov Elvin Arif oğlu ötən gün Yerevanın "Erebuni" tibb məntəqəsində əməliyyat olunub.

Bu barədə Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Nazirliyin məlumatına görə, tibbi müayinə nəticəsində İbrahimovun təcili əməliyyat ehtiyac duyulduğunu öyrənilib. Əməliyyat zamanı xəstənin mədəsindən xarici bir cisim çıxarılıb. O, tibbi nəzarətdədir. Həkimlər azərbaycanlının vəziyyətini sabit olaraq qiymətləndiriblər.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

///Open.az