» » Azərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə öldü-


Azərbaycanda həkim səhlənkarlığı nəticəsində 3 aylıq körpə ölüb.
 
starxeber.az-ın məlumatına görə, bu barədə "Report"a körpənin babası Sərraf Əskərov bildirib.

Onun sözlərinə görə, nəvəsi Mədinə Əskərzadənin səhhətində problem olduğu üçün martın 28-də Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasına aparılıb: "Uşaqda halsızlıq və iştahsızlıq olduğu üçün həkimə apardıq. Həmin vaxt Mədinənin üzünə baxanda gülürdü. Əvvəl uşağı Ulturasəs müayinəsindən (USM) keçirdik, heç bir problemi olmadığını, dalağının, böyrəyinin və ciyərinin təmiz olduğunu dedilər. Dedilər ki, uşağın iştahı olmadığı üçün, bəlkə də, onda qan azlığı ola bilər.


Respublika Uşaq Klinik Xəstəxanasının Qəbul şöbəsində olan zaman xəstəxananın Reanimasiya şöbəsinin müdiri Sevda Əliyevanı yanımıza çağırdılar. Onunla birgə uşağı yuxarı çıxartdıq. Orada əvvəl bizə söylədilər ki, uşaq sapsağlamdır, onun heç nəyi yoxdur. Gördülər ki, biz Mədinənin bu halından çox narahatıq. Sonra Reanimasiya şöbəsinin həkimi Sədaqət Əbilova gəlib uşağa baxdı. O dedi ki, körpəni əli ilə yoxlaması nəticəsində Mədinənin dalağı və ciyərinin böyüdüyü məlum olub. USM-in nəticəsi olan sənədi ona göstərdik. Sədaqət həkim mənə dedi ki, "30 ilin həkimiyəm, mən belə şeyləri yaxşı bilirəm".

Biz yenidən uşağı USM-dən keçirdik və uşağın heç bir problemi olmadığını söylədilər.

Biz Mədinəni Reanimasiya şöbəsində saxladıq. Növbətçi həkimlər orada olan zaman gəlinimə bildirib ki, "belə sağlam uşağı niyə bura götürüblər? Bu körpə burada deyil, palatada yatmalıdır".


Həmin gün - martın 28-də Sədaqət Əbilova ilə Sevda Əliyeva körpəyə I+ qan lazım olduğunu qeyd etdilər. Biz Qanköçürmə İnstitutunda qan verdik, lakin Reanimasiya şöbəsində qanı bizə pulla satdılar. Əvvəl 120 manat pul istədilər, 50 manata razılaşdıq. Sonra Mədinəyə qanın bir qismini vurdular. Ertəsi gün isə uşağa qan vurulan zaman gəlinim zəng vurub uşağın çox incidildiyini, damarına düşə bilmədiklərini və bədəninin deşik-deşik olduğunu söylədi. Neçə saat uşağın üstündə çalışıblar və sonra onun damarına düşə biliblər. Get-gedə Mədinənin vəziyyəti pisləşirdi. Bir sözlə, xəstəxanadan 3 dəfə pulla qan aldıq, körpəyə 6 dəfə qan vurdular. Hər dəfə qan vurulanda uşaq özündən gedirdi. Səbəbini soruşanda isə deyirdilər ki, "qan vurulanda belə olmalıdır". Biz də həkimlərə inanırdıq.

Mədinə düz 8 gün xəstəxanada çox əziyyət çəkdi. Hətta bizə hər gün başqa-başqa analizlər verdirib, dərmanlar aldırırdılar. Həmçinin gərək hər gün biz onların pullarını verəydik. Pul verməyəndə hamısı öz dilləri ilə istəyirdilər".

S.Əskərov qeyd edib ki, nəvəsinin halı pisləşəndən sonra onu Respublika Uşaq Klinik Xəstəxanasından çıxarıb, İrana aparmaq qərarına gəliblər: "Biz bu barədə həkimlərə deyəndə bildirdilər ki, "İrana niyə aparırsız, biz burada müalicə edirik, 200 manatlıq iynələrimiz var, onlardan vurub uşağı düzəldərik".