» » Mübariz Mənsimovun Doğum günüdür:


9 uşaqlı, kasıb ailənin yetirməsi olan Mübariz Mənsimov 1968-ci il mart ayının 22-də Masallı rayonunun Miyankü kəndində anadan olub. Atası Qurban Mənsimovun istəyi ilə Bakıda Ali Hərbi Məktəbə daxil olan Mübariz üç il ərzində kəşfiyyat sahəsinin incəliklərini öyrənib. 1985-ci ildə Almaniyaya göndərilən M.Mənsimov nə az, nə çox, düz dörd il sonra öz arzusu ilə hərbidən təxris olunur.
 
starxeber.az xəbər verir ki, Erməni generalla davaya çıxan Mübarizin dedikləri: "Məhz o erməninin üzündən hərbi sahədən uzaqlaşdım. Mənə qarşı çox böyük haqsızlıq etdilər. 

Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram”.


Hərbi karyerası bitdikdən sonra həyatın "qara üzü”nü görən Mübariz aşpazlıqla məşğul olur. İki ilə yaxın aşpaz kimi fəaliyyət göstərir. Başa düşür ki, daxili potensialı onu daha böyük zirvələrə apara bilər. Aşpaz olmaq, bu arzu yox, məcburiyyət idi. Beləcə Mübariz həyatının ən riskli qərarını verir. Yoldaşları ilə birgə 150 tonluq balıqçı gəmisini kirayə götürür.
Onun xatirələrindən: "O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib, bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşdük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”.


O gündən bəri gərgin iş tempinə uyğunlaşan milyarder gündən-günə böyütdüyü "Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olan "Palmali”nin sahibi bunu Rusiyada özəlləşdirmənin nəticəsi sayır. 20 ildə illik dövriyyəsi 3 milyard dollarlıq olan holdinq yaradan cənab Mənsimov bir neçə il öncə Türkiyə vətəndaşlığını qəbul edib. "Beşiktaş”a olan marağı ilə qardaş ölkədə diqqəti çəkən azərbaycanlı oliqarxın bir müddət klub başçılığı üçün namizəd olduğu da danışılırdı. Ancaq "Palmali”nin rəhbəri bunu təkzib etmişdi.
25 ofis, 30 min işçi…
Xatırladaq ki, "Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda – ümumilikdə 25 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində 30 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
"Palmali” 129 gəmisi ilə Aralıq dənizi , Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan "BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.


Mübariz Mənsimov xüsusi olaraq türk gəmi sahibiləriylə işləməyə üstünlük verir. Şirkətində daha çox azərbaycanlıların olmasını istəyir. Elə şirkətin sön günlərdə 500 işçi işə qəbulu ilə bağlı elanında da bu öz əksini tapmışdı.
Bax beləcə… Bu da sadə bir azərbaycanlı gəncin həyat hekayəsi…

Görəsən kasıb əyalət ailəsinin övladı olan Mübariz nə vaxtsa, düşünərdimi ki, dünyanı fəth edəcək, adı ali tirbunalarda çəkiləcək? Necə ki, Eynşteyn deyir: "Sən mənə istinad nöqtəsini göstər, mən sənin üçün yer kürəsini fırladım”.

Bu gün o gənc azərbaycanlının 50 yaşı tamam olur. Doğum günün mübarək, böyük ürəkli Azərbaycan oğlu!