закрыть
Test

Test2

Ali Baş Komandanın bayrağı haqda əsasnamə təsdiqləndi 

Siyasət 11-apr, 19:129 61
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə" nin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

STARXEBER.AZ xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.


Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında əsasnamədə deyilir: 

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı 3 növdə hazırlanır:

2.1. etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;

2.2. dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;

2.3. kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

3. Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.

4. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri aşağdakı formadadır:  

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.

2. Bayrağın hər iki üzünün ortasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə "AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə "SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılmışdır.

3. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.

4. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR