» » Ramazan bayramı günlərində havanın temperaturu 39 dərəcəyədək yüksələcək -


Azərbaycanda Ramazan bayramı günlərində müşahidə olunacaq hava şəraiti açıqlanıb.

starxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, iyunun 5-6-da ölkə ərazisində hava yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 5-də günəşli hava şəraiti gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 31-36 dərəcə isti təşkil edəcək. İyunun 6-da şimal küləyinin sürəti arabir 18-20 metrə çatacaq. Həmin günün temperaturu da 31-36 dərəcə isti olacaq.

Rayonlarda da hava yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə lokal qısa müddətli şimşək, yağış ehtimalı var. Əksər rayonlarda yağmursuz və isti hava şəraiti müşahidə olunacaq.

Aran rayonlarında iki gün ərzində kifayət qədər yüksək temperatur gözlənilir. Maksimal temperatur 34-39 dərəcəyə qədər yüksələcək. Respublikanın dağlıq ərazilərində 25-30 dərəcə isti təşkil edəcək. Bu həftə sonuna qədər hava şəraitində ciddi dəyişikliklər gözlənilmir. Yüksək temperatur yaxın 3-4 gün ərzində davam edəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda  gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

Azərbaycanın rayonlarında iyunun 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 5-də axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 25-30 dərəcə isti təşkil edəcək.