» » Milli Məclis Sədrinin müavini bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşüb


Milli Məclis Sədrinin müavini bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşüb


Fevralın 22-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsi qəhrəmanlarının bir qrupu ilə növbəti görüş keçirilib. 

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının prioritet kimi müəyyənləşdirilməsindən söhbət açıb.

“Aprel döyüşləri”ndən başlayan Zəfər salnaməmizin sonradan Günnüt əməliyyatı, habelə Tovuz rayonunda törədilmiş təxribatın qarşısının alınması ilə davam etməsi, aparılan uğurlu hərbi əməliyyatların məntiqi yekunu olaraq sonda “Dəmir yumruq” hərbi əməliyyatının həyata keçirilməsi söhbət mövzusu olub. Bildirilib ki, Qalib Ali Baş Komandanın tabeliyində olan qüdrətli Ordumuzun göstərdiyi qəhrəmanlıqlar, habelə istifadə etdiyi döyüş taktikası nəticəsində Ermənistana vurulan zərbələrdən sonra düşmən hələ uzun illər özünə gələ bilməyəcək.

Görüşdə 44 günlük müharibə nəticəsində düşmənin məğlub olaraq 30 il müddətində işğal altında saxladığı torpaqlarımızı geri qaytarması ilə yanaşı, müharibədə qazandığımız qələbənin diplomatik müstəvidə də ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Ermənistanın işğal altında olan digər ərazilərimizi bir güllə belə atmadan təhvil verməyə məcbur edilməsi qürurla qeyd olunub.

Söhbət zamanı qazanılmış Zəfərə görə hər birimizin hərbi qulluqçularımıza borclu olduğu qeyd edilib, şəhid ailələrinin və qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunması, onların problemlərinin həlli məqsədilə “Yaşat” Fondunun yaradılmasından razılıq ifadə olunub. 

Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.


starxeber.az