» » Meksika ilə parlamentlərarası əlaqələrimiz genişlənir


Fevralın 22-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun üzvləri arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. 

"starxeber.az" xəbər verir ki, tədbirdə Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əliyeva ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu 29 ildə formalaşan dostluq və əməkdaşlıqdan söz açıb. Azərbaycan və Meksika hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair imzalanmış Sazişin mühüm əhəmiyyətindən danışıb. Xocalı soyqırımını tanıyan Meksika Senatına bir daha minnətdarlığımızı bildirib. Qeyd edib ki, Azərbaycanın ən ağrılı probleminə obyektiv münasibət bəsləyən dost Meksika erməni təcavüzünün qabardığı bütün məqamlarda haqqa və ədalətə sadiq qalıb, keçən yay   Tovuz istiqmətində təxribat törədiləndə, Vətən müharibəsi günlərində Gəncə, Bərdə, Tərtər şəhərlərinin mülki əhalisi bombardmana məruz qalanda Azərbaycanın yanında olub, beynəlxalq hüququ dəstəkləyib. 

İşçi qrupun rəhbəri meksikalı həmkarlarına çağırış edərək gələn il 30-cu ildönümü tamam olan Xocalı soyqırımının dünya miqyasında tanıdılması və ədalətli qiymətini alması üçün dəstək verməyə səsləyib. 

Videokonfransda Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio Azərbaycanla dostluğu yüksək qiymətləndirdiklərini bildirib. Hazırkı görüşü ikitərəfli münasibətlərin gücləndirilməsində yaxşı imkan kimi dəyərləndirib. Meksika-Azərbaycan əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğunu vurğulayıb. 

Aqustin Qarsiya Rubio Xocalı soyqırımı ilə əlaqədar kədərli olduqlarını bildirib,  Meksikada hər il anma mərasimləri keçirildiyini diqqətə çatdırıb. Deyib ki, bir daha belə soyqırımların baş verməməsi üçün bütün bəşəriyyət səfərbər olmalıdır. Azərbaycanın 2020-ci ildə yenidən Ermənistanın hərbi təcavüzü ilə qarşılaşdığını qeyd edərək, əks-hücum əməliyyatının Azərbaycanın qələbəsi ilə başa çatmasından məmnunluqlarını ifadə edib və xalqımıza Zəfər təbriklərini çatdırıb. Bildirib ki, Meksika qardaş və dost ölkə olaraq daim Azərbaycanın yanındadır.
Videokonfransda ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib. Sonra Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floresin təqdimatında Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafını diaqramlar və rəngli slaydlarla əks etdirən videoçarx nümayiş olunub. 

Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sabir Rüstəmxanlı, Ülviyyə Həmzəyeva və İltizam Yusifov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması ilə bağlı görülməli işlərə dair fikirlərini bölüşüblər. Qarabağda bərpa və yenidənqurma işlərinin başlandığı, bu sahədə bütün ölkələrlə əməkdaşlığa açıq olduğumuz bildirilib.
Meksika Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun üzvü Fransisko Xavyer Quzman De La Torre aqrar sənayedə əməkdaşlıq imkanlarından danışıb. 
Çıxışlarda parlamentlərarası əlaqələrin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, görüşlərin və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.
Videokonfransda Meksika Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun bir sıra üzvləri iştirak ediblər.