» » Bakıda taksi sürücüsü xanım sərnişinin şəklini çəkdi, həbs edildi

Bakıda taksi sürücüsü xanım sərnişinin şəklini çəkdi, həbs edildi


Bakıda xanım sərnişinə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edilib.

News24.az əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Gənc qız polisə məlumat verərək əyləşdiyi taksidə sürücünün icazəsiz onun fotosunu çəkdiyini, eyni zamanda ona qarşı qeyri-etik hərəkətlər etdiyini bildirib.

Aparılan araşdırmalarla taksi sürücüsünün kimliyi müəyyən edilib. Şərur rayon sakini olan 1988-ci il təvəllüdlü S.Məmmədli (şərti) saxlanılaraq barəsində inzibati protokol tərtib edilib.

Daha sonra həmin sürücü ərazi üzrə Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmədə şikayətçi Z.Səlimova bildirib ki, taksi sürücüsü avtomobildə ona qarşı əxlaqsız hərəkətlər edib: “Mən həmişə işə qatarla gedirəm, lakin həmin gün işə gecikdiyim üçün Koroğlu istiqamətində taksiyə mindim, belə ki, yolda gördüyüm təsadüfi taksiyə əyləşdim. Asma xəstəsi olduğu üçün avtomobildə ön oturacaqda oturdum. Maşında məndən başqa heç kəs yox idi, bu zaman sürücüdən niyə əlavə müştəri götürmədiyini soruşduqda sürücü mənə görə heç kimi götürmədiyini dedi. Daha sonra sürücü məndən mobil nömrəmi istədi, mən də qorxduğum üçün dostumun nömrəsini verdim. Bu zaman sürücü həmin nömrəni yığaraq onun mənə məxsus olmadığını anladı. Daha sonra sürücü dizimə əlini qoydu və məndən icazəsiz şəklimi çəkdi. Sürücüdən şikayətçiyəm, cəzalandırılmasını istəyirəm”.

Sürücü S.Məmmədli isə gənc qızın ona böhtan atığını deyib.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsünə 10 sutka həbs cəzası verilib.