» » Deputatlar nə qədər fitrə verəcək? - “900 manat ayırmışam“

Deputatlar nə qədər fitrə verəcək? - “900 manat ayırmışam“


Sabah bayramdır. İslami ənənələrə görə, imkanı olan hər kəs bayram axşamı imkansızlara yardım məqsədi ilə fitrə zəkatı ayırır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, adam başına fitrə zəkatının minimum həddi 10-15 manatdır. Amma imkanlı şəxslər daha çox fitrə zəkatı da verə bilər.

Bəs, millət vəkillərimiz nə qədər fitrə zəkatı ayırıblar?

"STAR XƏBƏR" Bizim.media-ya istinadla xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən millət vəkili Cavanşir Paşazadənin xalqımızla birgə bu Ramazanı da əmin-əmanlıq şəraitində başa vurduğunu qeyd edib:

“Təbii ki, hamı kimi mən də ailə üzvlərimizin sayına görə fitrə zəkatı verəcəm. Bunu bu axşam edəcəm. Hər ailə üzvümüzün adın təxminən 3 kiloqram xurmanın qiymətinə fitrə zəkatı çıxardacağam. Bundan başqa tanıdığım imkansız insanlara da müəyyən yardımlar edəcəm. Amma bunun miqdarını dilə gətirmək istəmirəm. İstədiyim isə odur ki, hamının bayramı xoş keçsin, süfrəsi bol olsun”.

Deputat Aydın Hüseynov isə mövzu ilə bağlı bunları deyib:

“Mən də çoxları kimi mübarək Ramazan ayında orucumu tutub, namazımı qılmışam. Çalışmışam ki, islami ənənələrə bu bir ayda riayət edim. İnşallah, bu axşam da fitrə zəkatını ayırıb imkansız insanlara çatdıracağıq. Minimal olaraq ailə üzvlərimizin hər birinin adına 15 manat fitrə zəkatı çıxardacağıq.

Təbii ki, əlavə yardımlarımız da olub və olacaq. İftar süfrələri təşkil etmişəm. Əlavə yardımlarım da olacaq. Amma bu barədə danışmaq istəmirəm”.

Elman Nəsirov isə fitrə zəkatı ilə bağlı planını ayın əvvəllərindən qurduğunu dedi:

“Ramazan ayında bir nəfər imkansız şəxsin göz əməliyyatı üçün 500 manat ayırmışam. Bundan başqa daha 3 nəfər imkansız şəxsə da maddi yardım edəcəm. Onlardan birinə 100 manat, digərlərinin hər birinə 150 manat yardım edəcəm. Bu da cəmi 900 manat edir. Bu yardımları təkcə Ramazan ayında mənə müraciət edənlərə üçün nəzərdə tutmuşam. Bu da mənim fitrə zəkatım olacaq”.