» » Məşqçi Sahil Babayevə müraciət etdi: Sizi aldadırlar!

Məşqçi Sahil Babayevə müraciət etdi: Sizi aldadırlar!


Boks üzrə məşqçi Ramil Məmmədzadə İnstaqram hesabında Azərbaycan Boks Federasiyasının Prezidenti, Sahil Babayevə müraciət edib.

"STAR XƏBƏR" xəbər verir ki, o, müraciətində federasiyadakı əskikliklərdən danışıb, vəziyyətin yaxşı olmadığını bildirib.

“Sahil Babayev Federasiyaya bir ildən çoxdur gəlib. Gəldiyi gündən də üzərinə düşən vəzifəsini əlindən gəldiyi qədər yerinə yetirir. O gələndən sonra federasiyadakı özbaşınalıq və pul yeyintilərinin qarşısını aldı. Maaş alanları, məşqçiləri, idmançıları sistemə keçirdi. Bununla da heç kimin əlinə nağd pul dəymədi. Yəni hər kəs köçürmə sistemindədir və hamısı da şəfaf şəkildə həyata keçirilir. Bu, Boks Federasiyası üçün böyük bir inqilabdır. Çünki orda olan adamların necə xarakterdə adam olduqlarını bilsəz, mənim nədən söhbət etdiyimi çox gözəl bilərsiz”.

Məşqçi qeyd edib ki, Sahil Babayev Azərbaycan Boks Federasiyasına prezident olaraq təyin edilsə də, onun peşəsi boks deyil, hətta idman belə deyil. Buna görə də onu rahatlıqla aldada bilirlər:

“Federasiyada olan himn və bayrağın düşmənləri Sahil Babayevi rahatlıqla aldada bilirlər. Azərbaycanın olimpiya çempionu olacaq çox boksçusu, gücü, bacarığı var. Sadəcə olaraq federasiyanın daxilində olan bir-iki insan var ki, ürək bulandırırlar. Yenə bildirirəm,nəticə göz qabağındadır, ölkədə boks yox dərəcəsindədir. Sahil Babayevə millətin qarşısında söz demək istəyirəm. Hörmətli Sahil Babayev, mən sizə bütün Azərbaycanın qarşısında şərəfim və namusum üzərinə söz verirəm ki, siz məni federasiyaya kordinator kimi təqdim edin. Mən sizdən nəticə verməyənə qədər heç bir maaş tələb eləmirəm. Mənim istəyim kiminsə yerini tutmaq deyil. Sadəcə olaraq Azərbaycan oğlu kimi, ən əsası da Azərbaycan Boks Federasiyasında haqqı yeyilmiş bir idmançı kimi buna dözə bilmirəm. Mən sizə söz verirəm ki, biz olimpiyadadan o qızılı mütləq gətirəcəyik. Söhbət həqiqi qızıldan gedir. Bizim o qızılı gətirməyə çoxlu güclü idmançılarımız və onlara məşq keçən çox güclü məşqçilərimiz var. Sadəcə olaraq vəziyyət elə bir şəraitə gəlib çıxıb ki, sizin sahəniz boks olmadığı üçün sizi aldada bilirlər. Sizə deyə bilirlər ki, kim güclüdü, kim zəifdi. Amma mən sizə söz verirəm ki, çox tez bir müddətdə bu “parazitləri” təmizləyib, uğurlu bir komanda yaradacağıq. Çünki, hazırda böyüklərarası komandada vəziyyət yaxşı deyil. Psixoloji vəziyyət yerində deyil, boksçu kimi xarakter formalaşdıran boksçularımız çox azdır. Bunun isə bir çox səbəbləri var.

Boksçu küçə xarakteri ilə formalaşır. Küçə xarakteri olmayan bir adam nə qədər bahalı vitaminlərlə qidalansa da, gündə 40 dəfə də məşq etsə də, daxilində sərtlik yoxdursa nəinki rinqdə, heç həyatda da bir nəticə verə bilməyəcək. Mən sizə “2024 Paris olimpiya oyunları”nda bir qızıl qaranti olaraq söz verirəm”.

///Yenipress.az