» » Rəşad Sadıqov: "Bu gün tam fərqli Azərbaycan görəcəyik"


"Uelslə son dəfə 11 il əvvəl oynamışıq. Aradan xeyli zaman keçib. Müqayisə etsək, məncə, Uelsin ən yaxşı və güclü komandası AÇ-2016-nın qrupunda oynayan heyəti idi". 
 
Bu sözləri Sportinfo.az saytına açıqlamasında millimizin heyətində ən çox oyun keçirmiş Rəşad Sadıqov deyib. Yığmamızın keçmiş kapitanı AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün Kardiffdə keçiriləcək Uels - Azərbaycan, eləcə də 3 gün sonra Xorvatiya ilə oyunlar barədə fikirlərini bölüşüb.
 

Sadıqov Uelslə matça ümidlə yanaşdığını, müsbət nəticə gözlədiyini bildirib: "Düzü, dəqiq bilmirəm AVRO-2016-dakı heyətdən indi komandada neçə nəfər qalıb.  Çox istərdim ki, nəticə yaxşı olsun. Futbolda öncədən proqnoz vermək olmur. Oyunun gedişindən çox şey asılıdır. Uels mütləq qələbə qazanmalıdır, azarkeş amili böyük rol oynayacaq.
 
Əsas şərt millimizin futbolçularının özünəinamı, ürəklə oynaması, topa bacardıqca çox nəzarət etməsidir. Rəqibi əks-hücumlarda yaxalayıb müdafiə xəttini daim təzyiqdə saxlamaq lazımdır. Onlar doğma meydanda çox istəkli oynayacaqlar.  Bizi sevindirən məqamlardan biri futbolçularımızın çoxunun yaxşı formada olmasıdır. Ağabala Ramazanov, Ramil Şeydayev, Dmitri Nazarov, Qara Qarayev, Mahir Emreli bu gün komandaya çox xeyir verə bilər.
 
Əsas heyətdə meydana çıxan futbolçuların 6-7 nəfərinin formada olması yaxşı göstəricidir. Həmin futbolçular komandanı arxasınca daşıya bilirlər.  Bu gün meydanda son iki oyundan fərqli bir Azərbaycan yığması görəcəyik: daha yaxşı, inamlı və nəticəyə oynayan istəkli komanda.
 
3 gün sonra evdə Xorvatiyaya qarşı oyunumuz var. Qrupda artıq 5-ci görüşümüzə çıxacağıq. Xal qazanmamağımıza baxmayaraq, axşamkı oyuna ümid edirəm. Çox nikbinəm. Milli Uelsdən sərfəli nəticə ilə qayıtsa, Xorvatiya önünə də inamlı çıxacaq. Seçmə mərhələdə 1 yox, daha çox xal qazanacağımıza şübhə etmirəm".