» » Məşhurların səhifələrinin oğurlanması ilə bağlı - Rəsmi açıqlama

Məşhurların səhifələrinin oğurlanması ilə bağlı - Rəsmi açıqlama


Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. Müğənninin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib, bütün paylaşımları silinib. 

Bundan əvvəl idmançı Pərviz Abdullayev (“Kobra” Pərviz), müğənni İradə İbrahimova və digər məşhurlarla bağlı eyni hallar yaşanıb. Hak edilən səhifələrdəki məlumatlar silinib, məzmuna uyğun olmayan paylaşımlar edilib. 

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir: 

“Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir”. 

Qurumdan, həmçinin bildirildi ki, hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir: “Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir”.