» » "Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?" - Nurəddin Mehdixanlı


"Əvvəl əxlaqı olan rejissorlar var idi. Əmi, dayı rol oynamırdı. Rejissorlara demək istəyirəm ki, peşə əxlaqı olsun. O, mənim dostumdur, rolu o, oynamalıdır etməsinlər. Peşə əxlaqə və istedadı olan insanlar bu cür hərəkət etməməlidirlər. Bizdə əvvəl qabaqda xalq, arxada əməkdar artistlər otururdu. Xalq artisti tanıyıram ki, heç əməkdar artist səviyyəsində deyil".

STARXƏBƏR.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nurəddin Mehdixanlı "5-ci element" verilişində deyib. Aktyor özünü mərhum Səməndər Rzayevlə müqayisə edib:



"Səməndər Rzayev 41 yaşında öləndə "əməkdar artist" idi. Mən indi xalq artistiyəm, 63 yaşım olacaq, amma Səməndər Rzayevin etdiyinin 20 faizini etməmişəm. Bu reallıqdır, bunu deməklə özümü kiçiltmirəm. Aktyor yaşadığı cəmiyyətdən bir addım irəlidə olmalıdır.
 
Heç kimi aşağılamıram. Sadəcə, işimə məsuliyyətlə yanaşıram. Aktyor var ki, son on ildə bir pyes oxumayıb. Ancaq gəlir öz rolunun sözlərini götürür, tamaşadan sonra isə hər şeyi atır qrim otağına gedir. Onlar tanışlıqla gələnlərdir".

Mehdixanlı aparıcı Ranar Musayevin "Digər işlərinin ardınca gedir. Acından ölməlidir" sözlərinə əsəbiləşib:

"Onda zəhmət çəksin getsin başqa iş görsün. Mən niyə acından ölmürəm? Bu gün mən seriallarda ömrünü, gününü puç edənlərdən deyiləm. Qarşımdakı insandan da məsuliyyət tələb edirəm.

Mənim tamaşam varsa, səhər 9-dan işdə oluram. 11-də geyimim otağa gəlməldiir. Tamaşaya 5 dəqiqə qalmış mən səhnə arxasındayam. Üç dəfə Allah deyib çıxıram səhnəyə.

Bir vaxtlar deyirdilər aktyor ac qalmalıdır. Bunu deyənlərin özü acından ölmürdü. İşinə ciddi yanaşan acından ölmür. Sənət yaratmaq üçün çalışmaq, ağlamaq lazımdır". 

Aktyor bu sənətə təsadüfi gələnləri qınayıb:

"Avropalıların bizdən fərqi bilirsiz nədir: "Yüz ölç, bir biç" atalar sözü bizdədir, əməl edənlər avropalılardır. Seçimi düzgün etməlisən. Təsadüfi gəlib incəsənətə düşənlərə yazığım gəlir. Onlar gəlib teatrlarda hansısa istedadlının yerini tuturlar, iddiaları dağ boyda. Amma onların yalançı xoşbəxtliyinin üstündən xətt çəkiləcək. Hər kəs bir gün peşman olacaq. 

Niyə biz bu gün Azərbaycan qadınını dəli, başdanxarab, ərinin üstünə qışqıran, qapazlayan, kişisini mağmun, dəli, ailə qədri bilməyən, tufeyli kimi göstəririk. Belə deyil axı. Bütün millətin taleyində bunlar var. Amma başqaları nəyi, biz nəyi göstəririk.

Niyə biz iki azərbaycanlı rus dilində danışırıq? Gedib 2 həftə İstanbulda gəzirik, gəlib "gəliyorum, gediyorum" deyirik.

Ölkə başçısı teatrlara pul ayırdı. Maaşlar qalxdı. Sponsorlar çıxdı, teatrlara əlavə paralar verdi. Bu paralar teatr rəhbərlərinin dam örtüyünü, işıq pulunu ödəmək üçün deyil, yeni tamaşalar hazırlamaqdan ötrüdür".