» » Xaricə ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ! - DİN-dən XƏBƏRDARLIQ

Xaricə ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ! - DİN-dən XƏBƏRDARLIQ


Yay fəslində daha çox insanın istirahət etməsini nəzərə alsaq bu aylarda xaricə üz tutanların sayı kifayət qədər çox olur. 

BAKU.WS-in məlumatına görə, istirahət günlərini xarici ölkələrdə keçirmək istəyən bəzi vətəndaşlar fırıldaqçıların qurbanına çevrilirlər. 

Belə ki, bəzi şirkətlərə müraciət edərək tur paketlər almaq istəyən şəxslər işbazlar tərəfindən dələduzluğa məruz qalırlar. 

İşbazların tələsi daha çox sosial şəbəkədə təsirli olur. Onların qiymət baxımından hazırladığı dırnaqarası sərfəli şərtlər vətəndaşları özünə cəlb edir ki, bunun nəticəsində də mənimsəmə halları qeydə alınır. 

Vətəndaşların aldandığı məsələrdən biri də gedəcəyi ölkələrlə bağlı viza rəsmiləşdirməsidir. Viza rəsmiləşdirilməsinin yalnız diplomatik nümayəndəliklərin konsulluq şöbəsi tərəfindən mümkün olmasından xəbərsiz olanlar işbazlara müraciət edirlər. Nəticədə dələduzlar vətəndaşlara müxtəlif vədlər verərək onların pullarını mənimsəyirlər.  

Qeyd edək ki, tur şirkətləri viza rəsmiləşdirilməsində sadəcə vasitəçi roluna malik olurlar. Şengen vizası almaq istəyən şəxslər isə mütləq şəkildə həmin ölkənin Azərbaycandakı səfirliyinə müraciət etməlidir. 
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, vətəndaşlar tur paket almamışdan əvvəl mütləq araşdırma aparmalıdır: "Əfsuslar olsun ki, yay mövsümünün gəlişi ilə bağlı müxtəlif işbazlar tərəfindən vətəndaşın etibarından sui-istifadə etməklə dələduzluq halları müşahidə olunur.

Həmin işbazlar tur paket satmaq, hotel bron etmək, həmçinin aviabilet almaq məqsədilə vətəndaşların pulunu mənimsəyirlər. Bu sferada kibercinayətkarlıq faktı da danılmazdır. Belə ki, tanınmış tur şirkətlərinin sayt interfeysini yaratmaqla vətəndaşlara ucuz qiymətə tur paketlər təklif oluna bilər. Şirnikləndirici vədə aldanıb linkə daxil olaraq bank kart məlumatlarını yazdıqda isə hesabdakı vəsait sıfırlanır.

Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, tur paket almamışdan əvvəl mütləq araşdırma aparsınlar, inandıqları turizm şirkətlərinə müraciət etsinlər, şübhəli linklərə daxil olmasınlar. Dələduzluqla üzləşdikləri təqdirdə isə mütləq polis orqanlarına müraciət etsinlər".