» » Nazilə Səfərli “Space” telekanalı ilə yollarını ayırır

Nazilə Səfərli “Space” telekanalı ilə yollarını ayırır


“Təki Allah hər kəsin işini o qədər çox, o qədər ruzili, o qədər uğurlu etsin ki, bəzi işlərdən öz xoşu ilə imtina etməli olsun. Elə mənim də başıma belə iş gəlib. Ürəyim ayrılmaq istəməsə də, məcburiyyətdən “Space” telekanalı ilə əməkdaşlığımıza son vermək ərəfəsindəyəm”.  

Bu açıqlamanı SHOWNEWS.AZ-a  şairə-aparıcı Nazilə Səfərli edib. “Space” telekanalında “Banu” verilişinin aparıcısı olan N. Səfərli işlərinin çoxluğundan bu addımı atmaq məcburiyyətində qaldığını bildirib:  

“Öz işimi sevirəm. Çünki məni hər ailə ən gözəl, ən özəl, ən xoş, illərlə arzusunda olduğu gün evinin qonağı edir. Bu vəzifə hər kəsə nəsib və qismət olmur. Allahın mənə verdiyi bu şərəfli işi icra edirəm. Bu mövsüm məni hər il olduğundan daha çox ailə öz sevincli günündə yanında görmək istədi. Onlardan bəziləri Bakımızda, bəziləri bölgələrimizdə, bəziləri isə ölkə xaricindədir. Nə qədər çalışsam da, ataların sözü ilə desəm, bir əldə iki qarpız tuta bilmədim. El şənliklərinə dəvətlərim çox olduğu üçün mənə doğma olan “Banu” proqramı ilə ürək ağrısı ilə ayrılmaq qərarına gəldim”.  
 
Nazilə Səfərli “Space” telekanalının rəhbərliyinin hələ bu qərardan xəbərinin olmadığını da açıqlayıb:  

“Kanal rəhbəri Vado Karovinə mənə inanıb, bu verilişi mənə həvalə etdiyi üçün sonsuz təşəkkür edirəm. İl yarım bu işi canla-başla etdim. “Space” isə mənim üçün çox doğma oldu. Orada bir ailə tapdım. Mən əməkdaşlığa son qoysam da, özümü hər zaman həmin ailənin bir üzvü kimi hiss edəcəyəm. Yenə gələcək aparıcı kim olacaqsa, ona da uğur arzu edirəm”.