» » ALİMENTDƏN YAYINANLARIN SAYI ARTIR – MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA OLUNMUR

ALİMENTDƏN YAYINANLARIN SAYI ARTIR – MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA OLUNMUR





Azərbaycanda boşanmaların sayı kimi, alimentdən yayınanların da sayı artır. Son bir il ərzində bu öhdəlik üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsi ilə bağlı statistika da bunu sübut edir. Belə ki, ötən il aliment ödəməkdən yayınan 11 217 nəfər borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Onlardan 6661 nəfərin yeri müəyyən olunub. 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb.

Rəsmi rəqəmlər həm də onu göstərir ki, ötən il bu öhdəliklə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.

Bəs, alimentlə bağlı məhkəmə qərarlarının icrasına nə mane olur? Bu qərarların icrası üçün hansı tədbirlər görülməlidir?

Starxeber bizim.media – ya istinadən xəbər verir ki, millət vəkili Günay Ağamalı da Aliment Fondunun yaradılmasının mövcud problemin həllində müsbət rol oynaya biləcəyi qənaətindədir:

“Məhkəmələrdə alimentin verilməsi ilə bağlı qətnamələr qəbul olunur, lakin onların icrasında müəyyən çətinliklər var. Yəni iş icraçıları məhkəmənin qətnaməsinin yerinə yetirməsi üçün səlahiyyətləri çərçivəsində bütün addımları atırlar. Lakin çox hallarda valideynlər aliment ödəməkdən boyun qaçırırlar. Bu kateqoriyadan olan vallideynlərə qarşı məhkəmələr digər hüquqi addımlar atır və onlar həbsxanada cəza çəkməli olurlar.
Təbii ki, bu da çıxış yolu deyil. Mənə belə gəlir ki, Aliment Fondunun yaradılması müəyyən dərəcədə mövcud problemin həllində müsbət rol oynaya bilər”.

Deputatın fikrincə, bunlarla yanaşı, cəmiyyətimizdə ailə institutunun möhkəmlənməsi yönündə maarifləndirmə işini daha da gücləndirməliyik.