Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, ölkə ərazisində qarlı, küləkli hava şəraiti davam edir.
Departamentdən starxeber.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında Zabrat, Maştağa, Binədə az qar yağır.
Əmələ gələn qar örtüyünün hündürlüyü Aran rayonlarında 2-17, dağətəyi rayonlarda 5-29,dağlıq ərazilərdə 15-43 santimetr olub. Şimal-qərb küləyi arabir Maştağada 38, Pirallahıda 35, Sumqayıtda 34, Bakıda 31, Qum adasında 30, Ələtdə 28, Çilov adasında 27, Binədə 22, Zabratda 21 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə küləyin sürəti saniyədə 28 metrə, dalğanın hündürlüyü isə 6.5 metrə çatıb.
Qarlı hava şəraiti fevralın 10-da tədricən səngiyəcək. Sabah küləyin sürəti axşama doğru 15-18, arabir 20-23 metr/saniyə olacaq. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürətinin saniyədə 10-15, arabir 18-23, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22°, gündüz 3-8° şaxta olacaq.