» » "Televiziyaya qayıdacağımı düşünmürdüm" Samirədən


5 ildən artıqdır efirdən uzaq düşmüş tanınmış xəbər aparıcısı Samirə Mustafayevanın televiziyaya geri dönüşü rezonans doğurub.

14 sentyabrdan etibarən Azərbaycan Televiziyasının (AzTV) xəbərlər buraxılışı ilə tamaşaçıların qarşısına çıxacaq S.Mustafayeva, fikirlərini MEDİATİME.AZ-la bölüşüb: "Mən böyük fəxr və həyəcanla televiziyaya qayıdıram.

Bu dönüşüm Azərbaycan Televiziyası oldu ki, bura mənim üçün hər zaman məktəb olub. Mən bu günədək sözügedən ana kanalda çalışmış, bura yaranandan fəaliyyət göstərən korifey diktorlardan, yaddaşımıza həkk olan canlı əfsanələrimizdən, eyni zamanda hazırda çalışan bütün əməkdaşlar və həmkarlardan sadəcə xeyir-dua istəyirəm.

Böyük məmnuniyyətlə AzTv-nin sədrinə, cənab Rövşən Məmmədova göstərdiyi etimada görə minnətdarlığımı bildirirəm. Bu güvəni doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

Açığı tamaşaçılarım üçün çox darıxmışdım. Amma televiziyadan ayrılandan, ötən 5 il ərzində bir daha bu sahəyə qayıtmayacağımı düşünürdüm. Lakin son iki ildə məni bu fikrimdən daşındırmağa çalışan bir peşəkar vardı. Yaşının gənc olmasına baxmayaraq televiziya sahəsində böyük işlər görmüş Ranar Musayevin təkidi ilə televiziyaya, doğma peşəmə geri döndüm. Hər kəsə təşəkkür edirəm".