» » Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı


Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

XİN-dən starxeber.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması və Azərbaycanlı dinc insanların və mülki obyektlərin atəşə tutulması barədə məlumat verib.

İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən nazir Ceyhun Bayramov, Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumun Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə almasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.