» » "Anam iyləyib atdı ki, bu bənövşə Şuşadan gəlməyib" -


"Gözümü bağlayın, gedib Şuşada uçmuş evimizi taparam. Hər yeri tanıyıram. Şuşa qollarını açıb, bizim hamımızı bağrına basmaq istəyir. Bizə həsrət qalıb, biz ona qaldığımız kimi".

Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Vaxtı gəldi" proqramında deyib. Aktrisa Şuşaya gedəcəyi günü səbirsizliklə gözlədiyini bildirib:

"Ermənilər evimizi uçurdub, həyətimizi ot basıb. Qədim ev idi, elə bil muzey idi. Evimizin indi ancaq divarı qalıb. Şuşada olanda pulumu yığırdım, gedib bazardan açıqcalar alırdım. Bilmirdim ki, gün gələcək Şuşa bazarında mənim fotolarım satılacaq. Gedib Xan qızı Natavan bulağından su daşıyırdım, qar olurdu yıxılırdım. Razıyam yenə yıxılım, gedib oradan su daşıyım. İstəmirəm ki, 1 santimetr torpağımız da düşməndə qalsın.

O vaxtlar gözləyirdik ki, yayda Flora Kərimova gəlib keçəcək, ona baxaq. Gəlib keçirdi, yığışıb ona baxırdıq.

Anam xəstə olanda ona bənövşə gətirdik ki, Şuşadan gəlib. İylədi atdı ki, Şuşadan deyil. Orada hər gülün qoxusu fərqli idi. Qəribədir, orada güllərin ətiri başqa idi. Şuşada ayda bir dəfə toz silərdik, olmurdu. Şuşada yağan qardan heç yerdə görmədim".//axsam.az