» » Sonuncu şeirini yazıb şəhid oldu -


9-10-cu siniflərdə oxuyanda şeirlər qələmə alırmış. Biz sonra bildik ki, oğlumuz belə şeirlər yazırmış.

APA TV-nin məlumatına görə, sentyabrın 27-də başlayan Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərənlərdən biri də gənc şəhidimiz Yusif Yusifov olub.

44 günlük müharibənin ilk günlərindən döyüşlərə qatılan gənc Yusif vətənpərvər olmaqla bərabər, həm də poeziya həvəskarı olub. Əsgər yoldaşlarının dediyinə görə, Yusif Yusifov şəhid olmamışdan bir neçə saat sonuncu şeirini yazıb. Həmin şeir Yusif şəhidlik zivəsinə ucaldıqdan sonra döyüşçü yoldaşları tərəfindən yaxınlarına göndərilib.
Yusif Oktay oğlu Yusifov 2002-ci il yanvarın 31-də Goranboy rayonunun Faxralı kəndində doğulub.

Məktəb yaşlarından vətənpərvər şagird kimi həmyaşıdlarından seçilən Yusif 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Müharibə başlananda cəbhənin Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə fəal  iştirak  edib. Onun son döyüşü Zəngilanda rayonunun azadlığı uğrunda olub. Oktyabrın 29-da xain düşmənin snayper gülləsi ilə Yusif Yusifov şəhidlik məqamına ucalıb:
Atası Oktay Yusifov oğlu ilə fəxr etdiyini deyir: “Bu gün fəxr edirəm ki, mənim də oğlum torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olub. Torpağı geri almaq üçün şəhid vermək lazımdır. Öz torpağını qorumasan, gərək onda insan da olmayasan. Onun da qisməti bu idi. Yəni öz seçimidir, öz işidir. Mən həmişə onunla fəxr edirdim”.

Anası Nilufər Məmmədova da oğlunun hələ uşaqlıqdan vətənpərvər olduğunu bildirir: “O, Vətəni seçdi, torpağı seçdi. Məktəb vaxtından vətənpərvər idi. Təlim olan kimi hərbi paltarını geyinib gedirdi. Deyirdi ki, ana, mən torpağı sevirəm. Vətən uğrunda getdi mənim oğlum. 7 ayın əsgəri idi. 18 yaşında hərbi xidmətə yollanmışdı”.

Valideynləri deyir ki, hərbi xidmətdə olduğu 7 ay ərzində bir dəfə də olsun, Yusiflə görüşə bilməyiblər. Heç Yusif özü də bunu istəməyib:

- Neçə dəfə zəng edib deyib ki, karantinə görə görüşə icazə vermirlər. Elə deyirdi ki, arxayın olun. Deyirdim ona ki, komandirinə de, 10 dəqiqəlik də olsa, gəlib səni görək. Deyirdi ki, 10 dəqiqədən ötrü niyə gəlirsiz. Görüşünə gedə bilmədik. Axırıncı dəfə oktyabrın 23-də danışdıq. Dedi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Ondan sonra Yusifdən bir xəbər olmadı. Bir də ayın 29-da məlumat verdilər ki, Yusif şəhid olub.

- Sonuncu dəfə oktyabrın 23-də danışdıq. Yoldaşım dedi ki, oğlumuz zəng edib. Axırıncı danışığımız bu olub. Yoldaşıma nə deyibsə, mənə də eynisini deyib. Yusifin son sözü bu oldu ki, ana, narahat olma, sağ-salamat qayıdacağam.

Döyüş meydanında xüsusi şücaət göstərən şəhidimizin yaxınları deyir ki, Yusifin uşaq vaxtlarından Vətənə məhəbbəti olub:

- Vətənpərvər idi. 9-10-cu siniflərdə məktəbdəki tədbirlərə hərbi paltar geyinərək gedərdi. Onun hərbi çəkməsinə kimi hər şeyi var idi. İdmanla da məşğul olurdu. O deyirdi ki, mən döyüşə gedəcəm. Şəhid olmağa layiq bir övlad idi.

- Müharibədən söhbət gedəndə deyirdi ki, mən də gedəcəm cəbhəyə. Deyirdi ki, ermənilərə qarşı döyüşəcəm. Ona deyirdim ki, sən uşaqsan. Elə deyirdi ki, mən məktəbi bitirən kimi birinci döyüşə yollanacam.

Qeyd edək ki, şəhid Yusif Yusifov ailənin 2 övladından biridir. O, Goranboy rayonundan şəhid olan ən gənc əsgərdir.