» » Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr edilmiş elmi konfrans keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Ərəb Dili Gününə həsr edilmiş elmi konfrans keçirilib


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının təşkilatçılığı ilə 18 dekabr – Beynəlxalq Ərəb Dili Gününə həsr edilmiş “Ərəb dili elmin, dinin və mədəniyyətin dilidir” mövzusunda elmi konfrans keçirilib.

 “ZOOM” proqramı vasitəsilə onlayn formada keçirilən konfransda Azərbaycanın, eləcə də müxtəlif ölkələrin ali təhsil müəssisələrinin professor və alimləri iştirak ediblər. 

Konfrans Aİİ-nin II kurs tələbəsi Murad Kərəmovun təqdimatında Qurani-Kərimdən bəzi ayələrin tilavəti ilə başlayıb.

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açılış nitqi ilə qonaqları və konfrans iştirakçılarını salamladıqdan sonra, 30 il müddətində işğal altında qalmış torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti sayəsində azad olunduğu barədə məlumat verib. Beynəlxalq Ərəb Dili Günü münasibətilə iştirakçıları təbrik edən rektor A.Şirinov  ərəb dilinin beynəlxalq dil olduğunu, eləcə də elm, din dili hesab edildiyini vurğulayaraq,  İslam mədəniyyətində onun əhəmiyyətindən və rolundan bəhs edib.  

Konfransın moderatoru – Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamladıqdan sonra, ərəb dilinin Aİİ-də tədrisi haqqında geniş məlumat verib. Daha sonra ali təhsil müəssisəsində tədris olunan ərəb dili dərslikləri, tələbələrin fənni mənimsəmələri üçün təşkil olunan əlavə dərslər və kurslar barədə ətraflı danışıb. 

Bəhreyn Krallığı Tətbiqi Elmlər Universiteti Hüquq fakültəsinin müəllimi, professor Murad Abdulla əl-Cənabi söz alaraq, ərəb dili və müsəlman birliyi arasındakı əlaqələrdən bəhs edib. 

Misir Ərəb Respublikası Mənufiyyə Universiteti Filologiya fakültəsinin müəllimi, professor Eyd Bəlbə ərəb dilinin ifadə imkanlarından geniş danışıb.

Türkiyə Cümhuriyyəti 29 Mayıs Universiteti Beynəlxalq Ərəb Dili Mərkəzinin təsisçisi və rəhbəri, fəlsəfə doktoru İbrahim Helalşah ərəb və türk dillərinin bir-biri ilə qarşılıqlı əlaqələrindən danışıb. 

Konfransda, həmçinin Oman Sultanlığı Sultan Qabus Universiteti Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, fəlsəfə doktoru İhsan Sadiq Əlləvati, Malayziya Malaya Universitetinin müəllimi, dosent Əşrəf Məhəmməd Zedan, İraq Respublikası Babil Universiteti İslamşünaslıq fakültəsinin müəllimi, dosent Həsən əl-Məmuri və dosent Mehdi Əbdül-Əmir, Birləşmiş Ərəb Əmirliklərinin dil və düşüncə təlimləri üzrə mütəxəssisi, fəlsəfə doktoru Məhəmməd Eyd Qoran çıxış edərək, ərəb dilinin mövcud vəziyyəti və gələcək perspektivləri barədə söz açıblar. 

Avrasiya Universiteti Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov çıxışında, ərəb dilinin ərəb mədəniyyətini ən yaxşı  ifadə edən dil kimi əhəmiyyətini vurğulayaraq, Azərbaycanda ərəb dilinin ali məktəblərdə tədrisi məsələlərinə toxunub. 

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Heybət Heybətov ərəb dilinin mədəniyyətlərin elm və dil komponenti kimi gələcəkdə inkişaf perspektivlərindən bəhs edib. 

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Şərqşünaslıq İnstitutunda tədqiq olunan ərəbdilli mənbələrin öyrənilməsinə dair ətraflı məlumat verib.

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin “Ərəb dili” fənni üzrə müəllimi Mais Ağaverdiyev ərəb dilinin Azərbaycanda ümumi şəkildə tədqiqi metodlarından danışıb. 

İşçi dili ərəb dili olan konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

starxeber.az