İkinci Qarabağ savaşında döyüşçülərimizlə yanaşı həkimlərimiz də tarix yazıb.
starxeber.az Trend-ə istinadən xəbər verir ki, onlardan biri də döyüş meydanında yaralı əsgəri xilas edərkən şəhid olan hərbi feldşer Kənan Səlimzadədir.
Kənan 25 noyabr 1997-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. O, orta məktəbi qurtardıqdan sonra Tibb Texnikumunu bitirib. Müxtəlif döyüş bölgələrində hərbi feldşer kimi fəaliyyət göstərib.
Şəhidimizin atası oğlunun vətənpərvər biri olduğunu bildirib:
"İkinci Qarabağ müharibəsi başlayanda Kənan da döyüş bölgəsinə cəlb olundu. Neçə-neçə yaralı əsgərimizi xilas etdi. Oktyabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndində döyüş zamanı yaralı əsgəri xilas edərkən düşmənin snayper gülləsinə tuş gəldi. Oğlum nişanlı idi, toyu olacaqdı. Nə qədər arzularımız yarımçıq qaldı".
Kənan haqqında qazimiz, baş leytenant Pərvin Abdullayev də öz xatirələrini bölüşüb:
"Döyüş vaxtı hamımızı sarsıdan Kənanı çox tez itirməyimiz oldu. Bu, döyüşdə bizim üçün ən acı səhnə idi. Güllə Kənanın gözündən dəymişdi. Dünyasını dəyişərkən o biri gözü açıq qaldı. Biz onu qapaya bilmədik. O bu həyatdan nakam getdi. Arzuları, istəkləri yarımçıq qaldı. Mən arzuları ürəyində qalan, Kənanla fəxr edən valideynlərinə səbr arzulayıram".
Qeyd edək ki, Kənan Səlimzadə İsmayıllı rayonunun Qubaxəlilli kəndində dəfn olunub.