Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı Əməkdar artist Atabala Səfərovun vəfatı ilə bağlı nekroloq verib.
starxeber.az-ın məlumatına görə, nekroloqda deyilir:
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. 20 dekabr 2020-ci ildə Əməkdar artist Atabala Səfərov uzun sürən xəstəlikdən sonra ürək çatışmazlığından dünyasını dəyişib.
Atabala Səfərov - 01 sentyabr 1949-cu ildə Dəvəçi rayonunda anadan olub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1971-ci ildən Musiqili Komediya Teatrında karyerasına başlayan aktyor, sonralar Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. 2012-ci ilin may ayının 9-da Əməkdar artist fəxri adına layiq görülüb.
O müxtəlif tamaşalarda yaratdığı obrazlarla tamaşaçıların sevgisini qazanıb. Gənc Tamaşaçılar Teatrı səhnəsində canlandırdığı Hacı Qara – ("Sərgüzəşti-mərdi-xəsis", M.F.Axundzadə), Teymurləng – ("Molla Nəsrəddin və Əmir Teymurun filləri", Əjdər Ol), Hacı Qəmbər – ("Yağış, yağmur və daldan atılan daş", N.Vəzirov), Bəy – ("Qaraca qız", S.S.Axundov, A.Şaiq), Musiqili Komediya Teatrında oynadığı Şərbətəli – ("Təzə gəlin", S.Dağlı, C.Cahangirov), Həsənqulu bəy – ("O olmasın, bu olsun", Ü.Hacıbəyli), Şulu – ("Əlli yaşında cavan", Z.Hacıbəyov) və başqa qəhrəmanları böyük maraqla qarşılanıb.
Sevilən aktyor Atabala Səfərovun xatirəsi tamaşaçıların, həmkarlarının, əzizlərinin qəlbində əbədi yaşayacaq. Allah rəhmət eləsin!