» » Əsgər atası: “Oğlumla son dəfə oktyabrın 20-si danışdım, sonra xəbər olmadı” -


Vətən müharibəsində itkin düşən əsgərlərdən biri də 25 yaşlı Nurlan Dünyamalı oğlu Məlikovdur. İki aydan artıqdır ki, ailəsi onunla bağlı heç bir xəbər ala bilmir. 

Bu barədə “Qafqazinfo”ya əsgərin atası, Masallı rayonunun Öncəqala kənd sakini Dünyamalı Məlikov məlumat verib. 

Onun sözlərinə görə, Nurlan Məlikov Aprel döyüşlərində də iştirak edib. Müharibə başlayandan sonra Masallı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona çağırış gəlib və sentyabr ayının 29-u cəbhəyə yollanıb. 
“Oğlum sonuncu dəfə oktyabrın 20-i mənə zəng edib. Deyib ki, “ata, Füzulidən Cəbrayıl istiqamətinə gedirik”. Ondan sonra əlaqə saxlamaq mümkün olmayıb. O vaxtdan da axtarıram, harada olmasından heç kimin xəbəri yoxdur. Bir nəfər tapmışıq, o deyib ki, Qubadlı, Zəngilan istiqamətində maşınımız vurulub. Amma orada yaralı və cəsədlərin arasında Nurlan olmayıb. Heç bir döyüşçü yoldaşını tapa bilməmişik”.
D. Məlikovun sözlərinə görə, Müdafiə Nazirliyinə rəsmi müraciət edilib. Əsir düşmə ehtimalını nəzərə alaraq Qızıl Xaç Komitəsi ilə də əlaqə saxlanılıb. Hələ ki, ailəyə Nurlanla bağlı heç bir məlumat verilməyib. 

“Mən Füzuli, Şirvan, Saatlı, Sabirabadda bütün hərbi hospitalları gəzmişəm. Bu xəstəxanalarda belə yaralı olmadığını deyiblər. Təxminən ay yarım bundan əvvəl DNT analizi vermişəm, yenə də heç bir xəbər yoxdur. Ümid edirəm ki, bəlkə kimsə onunla bağlı nəsə məlumat verər”.

Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə gün əvvəl itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlamışdı.