» » İlham Əliyev Şuşada məscidin özbaşına təmirinə görə


“Şuşadakı bu məscidin təmirində xarici mütəxəssislər iştirak ediblər, özü də bizdən icazəsiz. 

Necə ola bilər, Azərbaycan ərazisinə bizdən icazəsiz gedəsən, bizim məscidimizi işğalçı ermənilərlə birlikdə guya təmir edəsən?! Bu, hansı beynəlxalq normalara sığır? Hansı mənəvi çərçivələrə sığır? Hansı şirkət, yaxud da ki, insanlar bunu özlərinə rəva görə bilərlər? Bunlar bizim tarixi abidələrimizdir, bizdən soruşun. Yoxsa, özbaşına gedəsən başqa ölkənin zəbt edilmiş, işğal olunmuş torpaqlarına, orada özün üçün iş görəsən”- dövlət başçısı İlham Əliyev mədəniyyət naziri Anar Kərimovla söhbət zamanı bildirib.

İ.Əliyev qeyd edib ki, məscidin tarixi görünüşü dəyişdirilib. “Ona görə mən sizə tapşırıq verirəm, o məscidin daxili tərtibatına yenidən baxmaq lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona öz görünüşünü qaytaracağıq. Ondan sonra o açılacaq”, - İ.Əliyev bildirib.

Sonra İ.Əliyev azad edilmiş torpaqlarda bütün mədəniyyət obyektlərinin siyahısının hazırlanmasını nazirə tapşırıb. "İndi biz onların vəziyyətinə yerindəcə baxmalıyıq, sonra bərpa etməliyik. İlk növbədə, beynəlxalq şirkətləri cəlb etməklə onların təftişi aparılmalıdır, tam siyahısı tərtib olunmalıdır. 

Azad edilmiş torpaqlarda bütövlükdə dağıntılar siyahıya alınır. Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq”, - prezident vurğulayıb.