» » “Qarabağda Qurculuq İşlərində Gənclər Təşkilatlarının Rolu” adlı görüş keçirildi


“Qarabağda Qurculuq İşlərində Gənclər Təşkilatlarının Rolu” adlı görüş keçirildi


Azərbaycanın ən böyük gəclər platforması olan Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 15 yanvar tarixində gənclər təşkilatlarının rəhbər və nümayəndələrilə onlayn formatda “Qarabağda Qurculuq İşlərində Gənclər Təşkilatlarının Rolu” mövzusunda görüş keçirildi.


Məlumdur ki, Cənab Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, işğaldan azad edilmiş ərazilər tam şəkildə yenidən qurulacaq, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılacaq, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri bərpa və inkişaf etdiriləcək. Təbii ki, yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Qarabağın dirçəlişində gənclər təşkilatları da yaxından iştirak edərək öz töhfələrini verəcəklər.


Artıq Azərbaycan Böyük Qayıdış və Böyük Dirçəliş ərəfəsindədir. Bu dirçəliş və inkişaf planlarının gerçəkləşdirilməsi istiqamətində 30 illik həsrətin ardınca Qarabağa böyük qayıdış zamanı gənclər təşkilatları tərəfindən həyata keçirələcək layihələrin, fəaliyyət istiqamətlərinin müzakirəsi baş tutmuşdur. NAYORA-nın sədr müavini Ülviyyə Axundovanın moderatorluğunu etdiyi görüşdə sədr Azər Əliyev və sədr müavini Rafael Hacıbəyli çıxışçı qismində iştirak etmişdir. 40-a yaxın təşkilatın iştirakı ilə baş tutan görüşdə Qarabağın dirçəlməsində gənclər təşkilatlarının rolu, beynəlxalq arenada Qarabağın, Azərbaycan gənclərinin düzgün təbliğini  aparılmasında burada həyata keçirələcək layihə və təşəbbüslərin əhəmiyyətli rolu vurğulandı.


Görüşdə gənclər təşkilatlarının nümayəndələri olduqca maraqlı təkliflər irəli sürdülər. Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi nümayəndəsi Hüseyn Hüseynov könüllü komandasının Şuşada, eləcə də digər rayonlarda fəaliyyətə başlayaraq gənclər təşkilatlarını böyük dirçəlişdə fəal rol oynamağa səslədi. Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi rəhbəri Ramin Mahmudov isə Şuşanın gənclər paytaxtı elan edilməsini təşəbbüs olaraq irəli sürmüş, buranı gələcəkdə keçiriləcək tədbirlərin mərkəzi olmasını qeyd etmişdir. Qeyd edək ki, gənclər təşkilatları Şuşanın islam mədəniyyətinin paytaxtı elan olunması ideyasını olduqca müsbət qarşılayır və bununla da Azərbaycanın qərb və şərqi birləşdirən mədəniyyətlər ocağı olacağına inandıqlarını bildirdilər. 


Bununla yanaşı, gənclər təşkilatlarının nümayəndələri şəhid ailələrinin və qazilərin tədbir və layihələrə mümkün qədər çox cəlb olunmasının vacibliyinə də toxundular.


Qarabağa böyük qayıdışa həsr olunmuş görüşün ümumi yekunları gələcəkdə gənclər təşkilatlarının bu regionun dirçəlişində böyük rol oynayacağından xəbər verir.


Qeyd edək ki, 44 günlük Vətən müharibəsi ərzində gənclər təşkilatları cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək arxa cəbhədə xüsusilə  Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə ötürülməsində böyük rol oynayıb və vətənpərvərlik istiqamətində bir çox layihələr həyata keçiriblər.


starxeber.az