Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılır.
Müəyyən edilir ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla yeddi üzvdən ibarətdir.
Müəyyən edilsin ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
- SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.