» » Tünzalə etiraz etdi: “Məsum Suranı itirmişəm, indi isə Elina…”


Əməkdar artist Tünzalə Ağayeva intihar edən 8-ci sinif şagirdi ilə bağlı sosial şəbəkədə başladılan kampaniyaya qoşulub.

Musavat.com xəbər verir ki, sənətçi şagirdin ölümündə təqsirli olanların cəzalandırılmasını istəyib:

“Dövlətimizin və qanunlarımızın bu məsum balanın ölümünə səbəb olanları ciddi məsuliyyətə cəlb edəcəyini mən də gözləyirəm. Həyatımda Sura kimi bir məsum qızımızı da itirmişəm. İndi Elina… Hələ nə qədər belə xəbər olacaq?! Bəli, o məktəbdəki qansızlar, səbəbkar olan hər kəs cəzasını çəkməlidir və inşallah çəkəcəklər də. Mən valideynlərimizə üzümü tuturam, biz analar, atalar, öz uşaqlarımızı nə qədər tanıyırıq? Onlarla evdəki, ailədəki münasibətimizdə nə qədər həssas yanaşırıq?! Böyüməkdə olan oğlan və qızlar öz ata-analarının sevgi dolu, anlayışlı münasibətini nə dərəcədə, hansı səviyyədə görə bilirlər? Axı hər övlad “öz ailəsinin güzgüsüdür” deyirik. Əgər oğlan evdə atasının anasına pis münasibətini daim görürsə, onun məktəbdə qızlara nə münasibəti olacaq?! Yaxud ataları və ya anaları tərk etmiş qızlar, oğlanlar ətraflarına hansı münasibəti göstərirlər yaxud onlara hansı münasibət var?! Deməli, bu gün ailə, cəmiyyət və məktəb bir yerdə ola bilmir. Belə faciəvi nəticələrə qatlanmaq yolunu seçməməliyik. İlk addım – hər şey ailədən başlayır. Məktəb ciddi məsuliyyət daşıdığı kimi, biz valideynlər də uşaqlarımızın məktəbədəki, cəmiyyətdəki davranışını, özgüvənini, psixoloji vəziyyətini çox yaxşı bilməliyik və övladlarımıza doğru münasibət göstərməkdə həyati məsuliyyət daşıyırıq”.
Qeyd edək ki, 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəb yoldaşlarının təzyiq və təhqirlərinə dözməyərək özünü 3-cü mərtəbədən atıb.