» » Psixoloq: “Düşünürlər ki, Məhərrəm ayında toy etsələr, faciə, ayrılıq baş verəcək, nigah uğursuz olacaq”

Psixoloq: “Düşünürlər ki, Məhərrəm ayında toy etsələr, faciə, ayrılıq baş verəcək, nigah uğursuz olacaq”


İyulun 19-dan Məhərrəm ayı başlayıb. Hər il olduğu kimi, bu il də Məhərrəm ayında toy etmək məsələsi gündəmə gəlib. Bəzi ölkələrdə bu ayda toy etmirlər. Azərbaycanda da bu qayda əsrlərdir, hələ də davam edir. Bəziləri bildirirlər ki, Məhərrəm ayında toy icazəlidir, çünki əsrlər əvvəl baş verən döyüşlər zamanı il boyu xeyli sayda səhabələr şəhid olub. Belə çıxır ki, bütün il ərzində müsəlmanlar yas içində olmalıdırlar. Görəsən, Məhərrəm ayında insanlar toy etsələr, nə baş verər?
 
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Gülnar Orucova da deyib ki, Məhərrəm ayında toy etməmək illərdir, davam edən, sanki mental dəyərlərə oturuşmuş bir adət-ənənədir.
 
“Əslində insanlar bunu təfəkkürlərinə, şüur altına o qədər həkk ediblər ki, düşünürlər, Məhərrəm ayında toy etsələr, hansısa faciə, ayrılıq baş verəcək, nigah uğursuz olacaq. Bu səbəbdən nəinki toy, nişan da etmirlər. Təfəkkürlərində elə oturub ki, insanlar artıq buna riayət edirlər. Bunu gənc nəslin beynində böyüklər aşağı yaşlardan oturuşdurub bu günə qədər gətiriblər. Qəribə adət-ənənlərdən birini də deyim: Məhərrəm ayı heç may ayına düşməsə də, insanlar mayda da toy etmirlər. Mayı da uğursuz ay kimi qəbul edirlər. Toyla bağlı qərarlarda xüsusilə yaşlı nəsil hər zaman iştirak edir. Son qərarı onlar verir, toyun vaxtını təyin edirlər. Bəlkə, gənc nəsil Məhərrəm ayında, yaxud may ayında toy etməklə razılaşar, amma yaşlı nəsil adət-ənənəyə sadiq qalmağa daha çox meyillidir. İki aylıq fasilə dönəminə giririk. Diqqət etsək, bəzi müsəlman ölkələri var ki, onlarda Məhərrəm ayında toy da, digər mərasimlər də keçirilir. Bizim ölkədə din xadimləri bu qaydaları daha çox sərtləşdiriblər deyə illərdir, əməl edirik. Amma son dönəmlər görürük ki, Məhərrəm ayında son ongünlükdə toy edən insanlar var. Bu isə karantindən sonrakı dönəmdə baş verdi...”, - psixoloq bildirib.