» » Xəstəxana əməkdaşı müdirin otağında intihara cəhd etdi

Xəstəxana əməkdaşı müdirin otağında intihara cəhd etdi


24 saylı Suraxanı Tibb Mərkəzinin kargüzar vəzifəsində çalışan əməkdaşı, 45 yaşlı Nurlana Cavadzadə bir neçə gün öncə intihara cəhd edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nurlana Cavadzadənin intihara cəhd etməsinə səbəb Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevin qərəzli töhmət qərarı verməsi olub.
 
Qanunsuz töhmət alan Nurlana Cavadzadə özünü Suraxanı Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovanın 4-cü mərtəbədə yerləşən otağının pəncərəsindən atmaq istəyib. Südabə Yaqubova son anda onu intihardan xilas edib.
 
Məsələ ilə bağlı Nurlana Cavadzadə faktı Demokrat.az-a təsdiqləyib.
 
O deyib ki, hadisə təxminən bir həftə əvvəl yaşanıb:
 
“Məni işdə təkləyiblər. Elə vəziyyətə çatdırıblar ki, direktor müavininin otağının pəncərəsindən özümü atmaq istədim. Məni 3 aydır işimdən uzaqlaşdırıblar, otağıma girməyə qoymurlar, kompüterimi əlimdən alıblar. Yerimə sığorta işçisini gətirib qoyublar. O, bütünlüklə mənim kompüterimə nəzarət edir, əvəzimə məktubları cavablayır. Mənə deyirlər ki, guya, hansısa informasiyaları harasa ötürürəm. Əsassız səbəblərdən mənə töhmət veriblər. TƏBİB-ə şikayət məktubu göndərmişəm, 7 günə rəsmi cavab verilməliydi, hələ də müraciətim cavabsız qalıb. Məni psixoloqa yönəltdilər. O da hansısa psixotrop dərmanlar yazdı. İstəyirdilər ki, həmin dərmanları içim, psixotrop maddənin təsiri altında intihara cəhd etdiyimi desinlər.  Müdiriyyət 4 gün əvvəl məni çağırdı otağına. Kadrlar şöbəsinin müdiri Tahirə xanım, İnzibati işlər üzrə direktor müavini Xanlar Əlimuradov, Texniki təminat – təchizat idarəsinin müdiri Habil Rəhimov, Həmkarlar İttifaqının sədri Lalə xanım – bu insanlar orada mənə qarşı yığışmışdı. Hərəsi əlində bir aktla məni günahklar çıxarırlar”.
 
N.Cavadzadənin sözlərinə görə, onu rəsmi qurumlara yazdığı məktubları geri götürməyə vadar edirlər:
 
“Müdiriyyət mənə deyir ki, TƏBİB-ə yazdığım şikayət məktubundan imtina et, de ki, psixotrop maddənin təsiri altında intihara cəhd etmisən. Əgər haqlıdırlarsa, niyə məni şikayətimi geri götürməyə məcbur edirlər?!
 
İşimdə hər zaman məsuliyyətli olmuşam. Bu işdə keçmiş müdiriyyət Aybəniz Sanıyevanın birbaşa əli var. Kadrlar şöbəsinə dedim ki, əmrimi verin. Əmrin üzərinə  yeni direktorun adını yazıblar. Kadrlar şöbəsinin müdiri məndən soruşur ki, əmrə kimin adını yazım? Dedim ki, indiki müdirin adını yaz. O isə imzalamaqdan imtina etdi ki, bu mənim dövrümdə olmayıb. Əgər ştat cədvəlində mənim kargüzar vəzifəsində çalışdığım qeyd olunubsa, niyə mənim masamın arxasında başqa şöbənin əməkdaşı oturmalıdır?! Kollektivlə münasibətim yaxşı olub həmişə. Yeni müdir gələndə mənə dedi ki, haqqınızda eşitmişəm. Demək, sadaladığım şəxslər ona haqqımda yanlış məlumatlar veriblər”.
 
Məsələ ilə bağlı TƏBİB hələlik açıqlama verməyib.