» » Azərbaycanda Super Ay müşahidə olunur

Azərbaycanda Super Ay müşahidə olunur


Tam Ay fazası Ay perigeydə (Yerə ən yaxın məsafədə) və ona yaxın nöqtələrdə olursa, bu zaman Super Ay hadisəsi müşahidə edilir. Bu zaman Ay apogeydə (Yerdən ən uzaq məsafədə) olduğundan 14 faiz böyük, 30 faizə yaxın parlaq görünür.

Bu barədə "STAR XƏBƏR"ə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, 1-ci Super Ay hadisəsi avqustun 1-dən 2-nə keçən gecə müşahidə olunacaq. Ay avqustun 1-i Bakı vaxtı ilə saat 22:33-də Dolu (Tam) ay fazasında, avqustun 2-si saat 09:53-də isə perigeydə olacaq. Bu hadisələr arasındakı fərq 11 saat 20 dəqiqə təşkil edəcək. Perigeydə Aya qədər məsafə 357309 kilometr olacaq. Super Ay hadisəsini Azərbaycan ərazisində saat 20:19-dan başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.


Qeyd edək ki, avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay astronomik hadisəsini müşahidə edə biləcəklər. İkinci Super Ay hadisəsi avqustun 30-dan 31-nə keçən gecə müşahidə olunacaq.