» » Bakıda da qızılcaya yoluxanlar var - Həkimdən XƏBƏRDARLIQ

Bakıda da qızılcaya yoluxanlar var - Həkimdən XƏBƏRDARLIQ


Son günlər ölkəni cənginə alan qızılca xəstəliyinə yoluxanların sayının artması səhiyyə işçilərini hərəkətə gətirib. Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə təkcə Kürdəmirdə xəstəxanaya yoluxma ilə bağlı 60-a yaxın müraciət daxil olub. Maraqlısı budur ki, qızılca  təkcə uşaqlar arasında deyil, böyüklərdə də müşahidə edilir. Belə ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialında da tələbələrdən qızılcaya yoluxanlar var. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda ən son 2018-ci ildə qızılcaya yoluxanların sayı builki qədər yüksək olub. Hazırda yoluxmaların daha çox bölgələrdəki məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil etdiyi deyilsə də, qızılca artıq paytaxta da ayaq açıb...
 
Tanınmış pediatr Qoşqar İsmayılov Pravda.az-a açıqlamasında deyib ki, Bakıda da məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var: “Son iki-üç ayda qızılca geniş vüsət alıb. Təəssüf ki, uşaqlar arasında daha çox rast gəlinir. Xüsusən də, məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var. Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında - 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Birinci buna diqqət etmək lazımdır. Valideynlərə tövsiyə edirik ki, peyvənləri vaxtlı-vaxtında vurdursunlar. Uşaqları 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd - revaksiyanasiya etdirsinlər”.
 
Həkim xəbərdarlıq edib ki, qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər: “Boğaz şişkinliyi, boğazağrısı kimi kataral əlamətlərlə başlayır. Sonra səpgilər yaranır, səpgilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpgi olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Xəstə izolyasiya olunmalıdır. Bağçaya və ya məktəbə getmək olmaz. Həkim təyinatına uyğun olaraq xəstə müalicəsini almalıdır”.
 
Aytəkin Qardaşova