» » Afət Fərmanqızı fotoşoplu şəkillərindən danışdı: “Cərrahi müdaxilə...”

Afət Fərmanqızı fotoşoplu şəkillərindən danışdı: “Cərrahi müdaxilə...”


“Şəkillərimdə fotoşop yox, effektdən istifadə edirəm. Üstəlik, bunu səhnəmizdə olan müğənnilərin 99 faizi edir”.

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı Cebhe.info-ya açıqlamasında deyib.

O, effektlə başqa müğənni olmadığını bildirib:

“Mən şəkillərdə özümü çox dəyişdirmirəm. Məsələn, effektlə dişlərimi daha da ağ edirəm. Yəni məndən Rihanna düzəltməmişik. Əgər effektlə dəyişmək olursa, Madonnanı, Rihannanı və ya Aygün Kazımovanı Afət Fərmanqızı edə bilərsiniz? Xeyr! Hətta mənə bir izləyici də fotoşopla bağlı rəy yazmışdı.

Amma onun profilinə baxanda gördüm ki, özü də effektli şəkil qoyub. Ümumiyyətlə, uzun çənəni, uzun burnu və ya əyri ağzı effektlə düzəltmək olmur. Düzəlsə də effektli olduğu bilinir.

Mən də sadəcə olaraq, bir balaca effektdən istifadə edərək, şəkilləri daha yaxşı formaya salmışam. Effektlə nə yaşımı, nə də ağzımı, burnumu azaltmamışam. Yəni sadəcə işıq effekti verilib. Hətta deyərdim ki, ən az iş məndə görülüb. Amma mən edəndə bəzilərinin gözlərinə görünür”.

Müğənni başqa həmkarlarının özlərini əməliyyatlar və effektlərlə sıfırdan yığdırdığını söyləyib:

“Bəlkə də mən yeganə müğənniyəm ki, heç bir cərrahi müdaxilə etdirməmişəm. Məsələn, Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Nəfəs müəyyən müdaxilələr etdiriblər. Onların saçları qaynaq, kiprikləri və dırnaqları sünidir. Adını çəkdiklərim və bir çoxları bədən şəkilləndirmə əməliyyatları etdiriblər, özlərinə fiqura yığdırıblar.
Lakin məndə nə cərrahi, nə şəkilləndirmə əməliyyatı olmayıb. Bunlara həm ehtiyacım yoxdur, həm də etdirməkdən qorxuram. Məni bəyənən artıq bəyənib. Məncə, özünə hörmət qoyan adam süni gözəlliyi qəbul etməz. Onsuz da hamı bilir ki, sünidir”.

Afət Fərmanqızı profilində paylaşdığı bütün videoların effektsiz olduğunu diqqətə çatdırıb:

“Yəqin məndə effekt görmək istəməyən adamlar fikirləşirlər ki, təbii gözəlliyim özümə bəsdir. Mən olanımdan danışmıram, amma çoxu olmayanından danışır. Onsuz da Allahın verdiyi gözəllik ya olur, ya da olmur. 

Kimdə gözəllik yoxdursa, effektlə belə eybəcər olacaq. Lakin gözəl insan effektlə daha da gözəlləşir. Baxıram ki, soyunanların 80-90 faizinin üzündə gözəllik yoxdur. Kimin sifəti eybəcərdirsə, baxılası siması yoxdursa, o, soyunur. Ona görə də diqqət cəlb etmək üçün soyunurlar. Müğənnisən geyin də, gərək soyunasan? Bəziləri deyir ki, səhnədə soyunmaq olar, amma elə deyil. Hətta effekt də verir, xeyri olmur”.