» » “Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir“ - Vüqar Əbdülov

“Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir“ - Vüqar Əbdülov


Bir neçə gün öncə ATV kanalında yayımlnan "Rəngarəng səhər” verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlının "Verilişlərə ona görə getmirəm ki, söz deyəcək adam artıq qalmayıb” sözlərinə həmkarı Vüqar Əbdülov cavab verib.

Yenisabah.az Azxeber-ə istinadla xəbər verir ki, o, həmkarına haqq qazandırıb:

"Bu fikirlə razıyam. Razıyam ona görə ki, həqiqətən də hər bir meyxanaçı özünə uyğun tərəf müqabili axtarmaqda azaddır. Vaxtilə Orxanın meyxana dediyi, sağında-solunda olan insanlarla deyişmələri yaxşı alınıb. İki-üç nəfərin deyişməsi bir-birinə uyğun gəlməlidir. İndi Orxan tək qalıb. Pərviz meyxanadan uzaqlaşıb, Vüqar rəhmətə gedib, Rəşad Dağlı da həbsdədir. Ola bilər ki, bu gün Orxan ona görə özünü tək hiss edir, qəribsəyib. O hisslər artıq məndə də var, Orxanı başa düşürəm. Rəhmətlik maştağalı Elçin də deyirdi "Bu sənətdə özümdən biri də olsa idi, mən nələr edərdim”.

Vüqar Əbdülov meyxanaçı Balaəli ilə bağlı daha öncə səsləndirdiyi fikirlərə də aydınlıq gətirib:

"Həmişə deyirəm ki, meyxanaçıların imkanları çox böyükdür. Bəziləri onlardan istifadə etmək əvəzinə, meyxanadan uzaq olan, ucuz şeylərə qaçırlar. Mən təkcə Balaəlini yox, çox adamı demişdim. Yəni Balaəlinin hazırda oxuduğu meyxana deyil. Pul xatirinə olan şeylərdir. Amma o uşaqların hamısı istedadlıdır.

Meyxana, adətən, toyun axırında olur. Amma mahnı oxuyanda eyni gündə bir neçə yerə gedərək az zaman ərzində daha çox gəlir əldə edirlər. 2 saat meyxana deyib pul alırıqsa, onlar gün ərzində bir neçə yarımsaatlıq çıxışla qat-qat artığını qazana bilirlər”.