Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
"STAR XƏBƏR" DİN-ə istinadla xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Sumqayıt şəhər prokurorluğunun məlumatına görə, fevralın 3-də saat 10 radələrində Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.