» » Taksi qiymətləri bahalaşdı, bəs keyfiyyət? - “Sürücülərdən çoxlu şikayətlər var”

Taksi qiymətləri bahalaşdı, bəs keyfiyyət? “Sürücülərdən çoxlu şikayətlər var”


Bəzi taksi şirkətlərində bu gündən etibarən gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib. Bunun taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilib.

Dəyişikliyi şərh edən nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a bildirib ki, bu məsələ özəl taksi şirkətləri tərəfindən atılan addımdır:

“Azərbaycanda taksi qiymətlərinə 10 qəpik servis haqqı əlavə edilməsi dövlət tərəfindən atılan addım deyil. Bu bəzi özəl şirkətlər tərəfindən tətbiq olunan tarifdir. Dövlət tərəfindən ötən ilin yayında yalnız minimal qiymətlər müəyyənləşdirilib. Yüksək qiymətləri isə şirkətlərin özü tətbiq edir. Bu məsələ onların öz ixtiyarında olduğu üçün heç kim onlara irad tuta bilməz. Onu da qeyd edim ki, artım rəqabət məsələsidir. Əgər vətəndaş 10 qəpik artıq ödəniş etmək istəmirsə, başqa şirkətdən taksi sifariş edə bilər”.

Ekspert taksi şirkətləri və sürücülərdən çoxlu şikayətlər olduğunu da diqqətə çatdırıb:

“Qiymət dəyişikliyi ilə yanaşı xidmətin keyfiyyətini də yüksəltmək lazımdır. “Uber”, “Bolt” kimi taksi şirkətlərinin sürücülərindən çoxlu narazılıqlar var. Bütün bunların səbəbi isə xidmətin aşağı keyfiyyətdə olması ilə bağlıdır. Düşünürəm ki, belə bir addım atan taksi şirkətləri bu barədə də düşünsələr daha yaxşı olar. Azərbaycanda hazırda taksi şirkətlərinin 30 faizi keyfiyyətli xidmət göstərir. Digərləri çox bərbad vəziyyətdədir. Bu sistem naşı sürücülər tərəfindən idarə olunur. Bu səbəbdən şikayətlərin ard-arası kəsilmir”.