» » “O “krutoy” gözəlçənin etdiyi hərəkət qudurğanlıqdır! Bunun günahkarı...”

“O “krutoy” gözəlçənin etdiyi hərəkət qudurğanlıqdır! Bunun günahkarı...”


Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video gündəmi silkələdi. 

Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı da baş verən hadisəyə səssiz qalmayıb. 

Sənətçi kadrlardakı məktəblini qınaq atəşinə tutub: 

“Sözügedən görüntülərə mən də baxdım və çox pis oldum. Bir xanım başqa xanımla dalaşa bilər, amma bu cür edə bilməz. Bu nə deməkdir?! Görün, bu yazıq qızcığaza necə travma vurublar... Allah onun köməyi olsun. Görüntüləri görüb hədsiz dərəcədə pis oldum. 

Bu, qudurğanlıqdır! Qızların hərəkəti tərbiyəsizlikdir. Hamısının da günahkarı xarici seriallardır. Seriallarda göstərilən bu cür “krutoy”, xəstə qızlar göstərilir, yəqin ki, bu gözəlçə də özünü onlardan biri hesab edirmiş. Ona görə belə hərəkət edib. 

İnşallah ki, səhvini anlayar, peşman olar, zorakılıq etdiyi qızdan üzr istəyər, onun qəlbinə yol tapar, halallıq alar. O qızı çox alçaldıblar. 

Kənardan dayanıb baxan, özlərinə kişi deyən oğlanlara da ayıb olsun! Gərək onlar dayanıb baxmazdılar, bu hadisənin baş verməsinə əngəl olardılar. Burada ölüm-itim yoxdur, yəqin ki, aralarında nə isə söz-söhbət olub, bir-birinin sözü xoşlarına gəlməyib. Heç kəsin ahı başqasında qalmaz. Biz elə bir dünyada yaşayırıq ki, nə əkirsənsə, onu da biçirsən. Həmin qıza etdiyinin cavabı ona veriləcək, nə vaxtsa o həyatı yaşayacaq. 

İstəməzdim ki, gələcək nəsil bu vəziyyətdə olsun. Biri edir, digəri çəkir... Axı o qız sizə nə edib? Ermənidir? Niyə belə edirsiniz? Öz millətimiz özümüzə niyə belə edir?” 

Müğənninin sözlərinə görə, aidiyyəti qurumlar mütləq sözügedən məktəbliyə layiqli cəza verməlidir ki, bu, digərlərinə də dərs olsun: 

“Onlar həmin kadrları çəkməklə o qızı deyil, özlərini alçaldıblar. Həmin qız sabah gedib intihar etsə, kim cavab verəcək? Bunu düşünmək lazımdır. 

Bunu edən qızın valideynləri gedib qarşı tərəfin valideynlərindən üzr istəməlidir. Qız çıxıb efirdə üzr istəməlidir. Necə ki, o qızı ifşa edib, o cür də çıxıb hər kəsin içində üzr istəməlidir. Heyf gənclərdən ki, bu gün bir çoxu bu vəziyyətdədir... 

Yəqin ki, aidiyyəti orqanlar bu addımı atanlara qarşı cəza tədbiri görərlər və bundan sonra başqaları bunu etməkdən çəkinər. Düşünürəm ki, bunun ağır cəzası olmalıdır. 

Qızın saçını kəsiblər, alnına qeyri-etik söz yazıblar. Nənəsinin müsahibəsini gördüm, yaşlı qadın ağlayırdı, ürəyim parçalandı. O qızın vəziyyəti indi nə yerdədir bir Allah bilir. Kiçik bir Bakı kəndində yeniyetmə qızı rüsvay etmək nə deməkdir? Ayıb olsun!”