» » Bu gün ikinci çərşənbə - Od çərşənbəsidir

Bu gün ikinci çərşənbə - Od çərşənbəsidir


Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

"STAR XƏBƏR"in  məlumatına görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.

Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Qeyd edək ki, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Beləliklə, həmin ay təkcə Novruz bayramında 1 həftə, şənbə və bazar günləri də daxil olmaqla isə ümumilikdə 16 gün iş olmayacaq.