» » "Allah cəzamı verib" - "Nikosayağı"

"Allah cəzamı verib" - "Nikosayağı"


Xəbər verdiyimiz kimi, "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirliyə hökm oxunub. 

Axşam.az-ın məlumatına görə, bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası keçirən bloger 5 il azadlıqdan məhrum edilib. 

Hökmdən sonra hakim sözü N.Şakirliyə verib. 

Bloger çıxışı zamanı “Allah cəzamı verib. Hadisə ilə bağlı özümü təqsirli bilirəm. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəyəm. Bundan sonra veriləcək hər bir cəzaya da hazıram. Ölən şəxs də öz doğma qardaşımdan ayırmadığım biri idi. Allah rəhmət eləsin. Ailəsindən də bir daha dönə-dönə üzr istəyirəm” sözlərini söyləyib. 

Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

O, 5 il azadlıqdan məhrum edilib. Bloger cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.