» » Vikipediyaçılarımız şəhidlərimizin məqalələrini silirlər

Vikipediyaçılarımız şəhidlərimizin məqalələrini silirlər


Azərbaycanlı vikipediyaçılar kütləvi şəkildə şəhid məqalələrini silirlər.


OLAY yazır ki, bu barədə məlumatı texnobloger Fərid Pərdəşünas paylaşıb.


Sözügedən mövzu vikipediyanın yerli istifadəçiləri arasında da gərginlik yaradıb. Onlardan “Moses” adlı istifadəçi İkinci Qarabağ Müharibəsindəki şəhidlərə yaradılan vikipediya hesablarının silinməsini müzakirəyə qoyub.


“İkinci Qarabağ müharibəsi şəhidlərinə ümumi məqalə yaradılıb ora köçürülsün. Necə ki, hazırda Birinci Qarabağ müharibəsi şəhidləri ümumi məqalələrə köçürüldüyü kimi. Zəhmət olmasa, hər kəs vətənpərvərlik hisslərini bir kənara qoyub müzakirəyə neytral yanaşsın”, - deyə, o, yazıb.


Müzakirənin lehinə səs verənlərlə yanaşı, əleyhinə səs verənlər də çox olub.


“Ümumi siyahılarda məlumatlar çox kiçikdir və şəhidlər haqqında daha detallı məlumat almağa mane olur. Vikimedia Fondunun bu günə qədər oxşar məsələyə görə hansısa Vikipediyaya problem yaratdığını görən və ya eşidən olubmu?”, - deyə, “Baskervill” adlı istifadəçi öz etirazını bildirib.


Bir qrup vikipediyaçı məqalələr silinərsə kütləvi etirazların olacağını, bu addımın lazımsız olduğunu bildirsə də, digərləri etiraz edən adamların boş olduğunu söyləyib:


“Siz də məni bağışlayın, ömründə bir dəfə də Vikipediyada redaktə etməyib burda iş görməyə çalışanlara nəsə demək istəyənlərin hamısı qələt edir. Kiminsə sözündən qorxub niyə nəsə etməməliyik? Kimdir axı onlar? İcmanın üzvüdürlər? Elədirlərsə, gəlib fikirlərini bildirsinlər, yoxsa “facebook”da, nə bilim “youtube”da çıxıb boş-boş danışmağın bura heç bir təsiri ola bilməz. Günün sonunda həmin şəxslərin vikidə heç bir hüququ yoxdur və necə deyərlər nə qədər deyinsələr də heç nəyi dəyişdirə bilməzlər”, - deyə, “Nemoralis” adlı istifadəçi yazıb.


O, daha sonra boykot edə biləcək insanları “McDonalds” məsələsindən misal çəkib:


“O dəfə “Gənclik Mall”da “McDonald”sın qabağında adam əlindən tərpənmək olmurdu. Babat boykot ediblər ha..”.

“Moses” adlı istifadəçi isə “Necə istəyirlər elə eləsinlər, vikipediyaçı onlar deyil bizik. Qərarları viki icma qəbul edir”, - deyə, insanların fikirlərini nəzərə almayacaqlarını söyləyib.