» » Bakıda böyük təhlükə: Nə qədər davam edəcəyi bilinmir

Bakıda böyük təhlükə: Nə qədər davam edəcəyi bilinmir


Bir neçə gündür paytaxtda havanın keyfiyyəti aşağı düşüb. Havada qatı toz zərrəcikləri müşahidə edilməkdədir. Bir sıra insanlar bunu Bakının küləklər şəhəri olması ilə əlaqələndirir və normal qarşılayır. Bəziləri isə mövcud vəziyyətdən narahatlıq keçirirlər. Əslində, "narahatlığa əsas yoxdur", demək doğru deyil. Çünki belə hava şəraiti insanların səhhətinə ciddi təsir göstərir, bir sıra xəstəliklərin baş qaldırmasına səbəb olur. 

Maraqlıdır, bu toz haradan paytaxta daxil olub? 

Mövcud vəziyyətlə bağlı ekoloq Rövşən Abbasov “Yeni Sabah”a danışıb və tozlu hava kütləsinin hansı ərazidən ölkəyə daxil olduğunu açıqlayıb: 

“Son illər Bakıda gözlənilmədən kəskin tozlu hava müşahidə olunmaqdadır. Bu əsasən pm2.5 və pm10 ölçülü tozların atmosferdə çoxalması nəticəsində baş verir. Bu cür tozlar isə insan sağlamlığı üçün təhlükəlidir. Araşdırmalar və qlobal peyk müşahidələri onu göstərir ki, Orta Asiyada yerləşən Qara Qum və Qızıl Qum səhralarında baş verən qasırğalar zamanı çox böyük toz kütlələri havaya qalxaraq uzun məsafələri qət edə bilirlər. Bu əsasən, Qazaxıstanın cənub hissəsinə, şəhərlərinə və Xəzər dənizinə keçməklə Abşeron yarımadasına, o cümlədən, Bakı şəhərinin havasına çox ciddi təsir edir”. 

Ekoloq bu cür havanın nə vaxtadək davam edəcəyini də qeyd edib:

“Hava ilə bağlı araşdırmalar aparan və mütəmadi olaraq məlumat verən qurumların proznozlarına əsasən, demək olar ki, yaxın günlərdə havanın keyfiyyətində düzəlmələr müşahidə ediləcək”.