» » Bakıda kirayə evlərin qiyməti kəskin ucuzlaşdı - Nə baş verir?

Bakıda kirayə evlərin qiyməti kəskin ucuzlaşdı - Nə baş verir?


Son vaxtlar paytaxtın kirayə mənzil bazarında dəyişkən tendensiya müşahidə olunur. Bakının müxtəlif yerlərində kirayə mənzillərin qiyməti kəskin bahalaşsa da, bəzi ərazilərdə rieltorlar kirayə tələbatının azaldığından gileylənir. İlin ilk rübündə mənzil qiymətlərinin ciddi artımını nəzərə alsaq, kirayə mənzillərlə bağlı da eyni vəziyyəti təxmin etmək olar. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, hazırda ötən ilin sentyabr-oktyabr aylarına nisbətən kirayə mənzil qiymətlərində ucuzlaşma müşahidə olunur: 

“Hazırda kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunmur. Hətta deyərdim ki, ötən ilin sentyabr-oktyabr aylarında baha təklif olunan kirayə mənzillər hazırda ucuzlaşıb. Ümumiyyətlə, hər il ənənəvi olaraq biz bu tendensiyanı müşahidə edirik. Sentyabrda şəhərə tələbə axını olduğundan qiymətlər mövsümi olaraq bir müddət bahalaşır, lakin bir müddət sonra stabilləşməyə başlayır. Məsələn, 700-800 manata təklif olunan mənzillər, bir müddət sonra 500-600 manata qədər ucuzlaşır. Hazırda köhnə tikili 1 otaqlı mənzillər təxminən 300, 2 otaqlılar 400, 3 otaqlılar isə 500 manatdan başlayan qiymətlərlə kirayə mənzil bazarında təklif olunur. Yeni tikililərdə isə 1 kvadratmetrindən asılı olaraq, 8-12 manat aralığında dəyişir”. 

Ekspert qeyd edib ki, hazırda paytaxtda ən bahalı kirayə mənzillərin olduğu rayonların adlarını açqılayıb:

“Hal-hazırda paytaxtda ən bahalı kirayə mənzillər Nəsimi, Nərimanov və Səbail rayonlarında təklif olunur. Bir nüansı diqqətinizə çatdırım ki, keçən ilə nisbətən bu il yeni binaların tikintisi xeyli dərəcədə azalıb. Bu baxımdan əvvəlki illərlə müqayisədə söküntü və digər səbəbdən müvəqqəti kirayə qalanların sayı o qədər də çox deyil”. 

Nazim Hacıyev