» » Aslan İsmayılov Kamil Zeynallının müdafiəsinə qalxdı:


Allah bu koronavirusun atasına rəhmət eləsin, hələ çox qıvrımbaşların keçəlini görəcəyik.

Mətbuat tirajlayır ki, “Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui-istifadə edərək, sadəlövh insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cüzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir.

Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.

Bu artıq həyasızlığın son həddidir. K.Zeynallını heç vaxt görməmişəm, ancaq işlərini neçə gündür ki, izləyirəm. Həqiqətən onun sayəsində təsəvvür etmədiyim faciəvi səhnələri gördüm.

Tək Xəzər bağları deyilən yerdəki qoca kişinin vəziyyətinə görə hamımız utanmalıyıq. 21-ci əsrdə, neft ölkəsində o səhnənin olması üz qarasıdır. Doğrudanmı illərdir o sahəyə baxan yaramazlardan heç kim bunu görməyib?! Görməyibsə kordur, görübsə heyvandır! Sumqayıtın başçısının obyektlərinin tək birinin hesabına yüzlərlə o qoca kişi kimilərini evlə təmin etmək olar. Başqa bir ağlamalı səhnəni Pirallahıdakı ailənin vəziyyətində gördük. Hamısını da bizə bunu etməli olan mətbuat yox, Kamil göstərdi. İndi hansı üzlə, Pirallahı İcra Hakimiyyəti utanmadan K.Zeynallını ittiham edir? Doğrudanmı artıq abır-həya deyilən bir şey qalmayıb? Yoxsa yenə hələ düşünürsünüz ki, həyasızlıq, qabalıq hesabına at oynadacaqsınız? Ölkədə baş verənləri demirəm, heç olmasa başınızı qaldırıb dünyaya baxın. Yemək-içməkdən başınız açılanda bir-iki qəzet, jurnal, kitab oxuyun.
 
K.Zeynallının kimliyini bilməsəm də baş verənlərdən sonra əgər onun haqqında kimsə torba tikəcəksə bilsin ki, qarşısında məni kimi yüzlərlə insanı görəcək. K.Zeynallı məhz bu ölkəni dağıdan, insanları pis günə salan vəzifəli şəxslərin işini görür. İnsansınızsa siz edin, Kamil kimilər də getsin öz işi ilə məşğul olsunlar. Siz o qədər yalan danışıbsınız, pislik edibsiniz ki, sizə artıq inanan da yoxdur. Bir az göydən yerə düşün, ayağınız yerə dəysin, yoxsa təpəniz yerə dəyəcək.
 
Bu məlumatı bəh-bəhlə tirajlayan jurnalistlər, siz peşə borcunuzun nə olduğunu bilirsinizmi, yoxsa hələ də Əli Həsənovun havasını oynayırsınız? Bir balaca vicdanınız varsa həmin bəyanatla birlikdə ədalətli olsun deyə bir iki kəlmə K.Zeynallının gördükləri işdən də yazın.
 
Sonda hamıya müraciət edirəm. Ən böyük bəlalarımızdan biri müstəqil mətbuatımızın olmamasıdır. Bunun hansı fəsadlar verəcəyini bildiyimdən illərdir bu barədə yazıram, deyirəm. Bir çoxları məni Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünə qarşı qərəzli olmaqda ittiham etmək üçün hekayələr uydurdular. Bir çoxları yazdıqlarıma mız qoymaq əvəzinə onları təhlil etsələr çox şeylər görərlər.
 
Məhz bu günkü şər-böhtana görə haqq etmədən mənzil alan jurnaistlərin sayəsində həyasızlıq, yalan həyat tərzinə çevrilib, haqq-ədalət küncə sıxışdırılıb.
 
Yenə bu hakimiyyətdə islahat istəyənlərə müraciət edirəm. Bu gün Sizə qarşı səmimi olanlar Prezidentin şəninə təriflər deyib insanların qanını soran məmurlar yox, imkansız ailələrə öz hesablarına maddi yardım göstərən iş adamları, Kamil kimi oğullardır. İndidən onları qeydə alın ki, çətin gününüzdə Sizə kimlərin dayaq olduğunu biləsiniz. Onları qudurğan məmurlara qurban verməyin. Bunların tək günahı həmin pulların yarısından çoxunu ciblərinə qoymağa hazır olan məmurlara yox, ehtiyacı olan kasıb ailələrə vermələridir.
 
Təxirə salmadan mətbuatı qaydaya salın. Şər böhtana görə alınan evlər həmin mirzələrdən alınıb haqq edənlərə verilməlidir.
 
Yırğalana-yırğala yox, təcili işə başlayın, yoxsa çatdırmayacaqsınız. Yerlərdəki "Şah"ların nələr etdiklərini görmək üçün Sizə normal mətuat lazımdır. Əgər doğrudan da islahat etmək istəyirsinizsə?!
 
Aslan İsmayılov
 
Hüquqşünas